Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarı ilə 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiriləcəkdir.
Ölkəmizdə hər 10 ildən bir keçirilən bu tədbirin əsas məqsədi cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsi, kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsi, o cümlədən sonuncu dəfə 2015-ci ildə keçirilmiş siyahıyaalmadan sonrakı dövr ərzində baş vermiş struktur dəyişikliklərin təhlili üçün zəruri məlumatların əldə edilməsi, aqrar bölmədə həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılması və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün keyfiyyətli məlumatların
əldə edilməsindən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Statistika Komitəsindən NUHÇIXAN-a verilən xəbərə görə, kənd təsərrüfatının siyahıyaalınmasının muxtar respublikada mütəşəkkil yerinə yetirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 dekabr tarixli 132s nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyası yaradılıb. Bundan əlavə, muxtar respublikanın şəhər və rayon icra hakimiyyətləri başçılarının müvafiq sərəncamları ilə inzibati ərazi vahidləri üzrə müvafiq yardım komissiyaları yaradılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına, həmçinin muxtar respublikada kənd təsərrüfatının siyahıyaalınmasına cəlb olunacaq təsərrüfatların sayına uyğun olaraq şəhər və rayon icra hakimiyyətlərindən daxil olmuş siyahılara əsasən muxtar respublika üzrə 723 nəfər, o cümlədən 63 təlimatçı-nəzarətçi, 641 sayıcı və 19 ehtiyat sayıcı ilə xidmətlər üzrə satınalma müqaviləsi imzalanıb.
Müqavilə imzalanan şəxslərin 73-ü Naxçıvan şəhərinin, 186-sı Şərur, 139-u Babək, 102-si Ordubad, 77-si Culfa, 54-ü Kəngərli, 45-i Şahbuz və 47-si Sədərək rayonlarının payına düşür.
Siyahıyaalmanın aparılması üçün ötən dövr ərzində aidiyyəti strukturlarla birlikdə müəyyən işlər görülüb, kənd təsərrüfatı məhsulu istehsalçılarını siyahıyaalmaya cəlb etmək məqsədilə 16 plakat-bannerin və 2160 plakatın muxtar respublikanın yaşayış məntəqələrində müəyyən edilmiş dislokasiyalar üzrə yerləşdirilməsi təmin edilib. Hazırda bu istiqamətdə müəyyən edilmiş tədbirlərin icrası davam etdirilir.
Siyahıyaalma ilk dəfə olaraq planşet tipli kompüterlərdən istifadə etməklə sorğu yolu ilə keçiriləcəkdir.
2025-ci il iyulun 15-dən avqustun 15-dək keçiriləcək kənd təsərrüfatının siyahıyaalınması nəticəsində təsərrüfatların istehsal fəaliyyəti, o cümlədən torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, heyvan və quşların sayı, istifadə olunan yemin növləri, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən qeyri-yaşayış tikililəri, işçi qüvvəsi, balıqyetişdirmə (akvakultura) və s. barədə aktual məlumatların əldə edilməsinə imkan yaranacaqdır.