Texniki nasaz avtomobilin yolun orta zolağında qalması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub
Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində avtomobillərdən biri texniki nasazlıq səbəbindən yolun orta zolağında dayanıb. Yalnız qəza dayanma işıqlarını yandıran sürücü digər təhlükəsizlik tədbirləri görmədiyindən arxadan gələn nəqliyyat vasitəsi ona çırpılıb. Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı iş nəticəsində evakuator cəlb olunaraq qəzada iştirak edən avtomobillərin yoldan kənarlaşdırılması işləri görülüb. Nəticədə uzunmüddətli nəqliyyat sıxlığının yaranmasının qarşısı alınıb.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
NİİM sürücülərə müraciət edərək bildirib ki, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda “Yol hərəkəti haqqında” Qanunun 55-ci maddəsinin müvafiq bəndləri əsas götürülərək təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Avtomobildə texniki problem yarandıqda sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsi ilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyninə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir.