Ermənistanın inkişaf yolu bölgədənkənar aktorlarla yaxınlaşmağa yönəlmiş “çoxvektorlu xarici siyasət”dən deyil, regiondaxili dialoq, sülh, sabitlik və rifahdan keçir.
NUHÇIXAN-ın məlumatına görə, bu fikirləri Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Selenay Erva Yalçın bildirib.
Ekspert vurğulayıb ki, ABŞ-ın USAID təşkilatı, Avropa İttifaqı ölkələri, Hindistan və ya hər hansı digər dövlət, xarici fond və ya icma ilə istənilən ittifaq Ermənistan üçün qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasının müsbət təsirini əvəz edə bilməz.
Onun sözlərinə görə, hazırda İrəvan Bakı və Ankara ilə əlaqələrin inkişafı istiqamətində konkret addımlar atmağa, o cümlədən Azərbaycanın ədalətli və hüquqi əsaslı tələblərinə qulaq asmağa başlamalıdır.
“Mövcud Ermənistan Konstitusiyasının dəyişdirilməsi Azərbaycanla sülh sazişinin imzalanmasını yaxınlaşdıracaq, bu da nəticədə Ermənistanın özündə inkişaf və sabitliyə təkan verəcək, Türkiyə-Ermənistan sərhədinin açılmasına imkan yaradacaq. İrəvan, nəhayət ki, iqtisadi böhran zolağından çıxa biləcək. Bu, Ermənistan üçün yeganə çıxış yoludur”, – deyə S.E.Yalçın əminliklə qeyd edib.