Ordubadın yenilənən baş planında ətraf mühitin qorunması və davamlı inkişaf əsas prioritetlərdəndir. Bu çərçivədə mövcud yaşıl ərazilərin qorunması, yeni ağacların əkilməsi və təbii resurslardan ağıllı istifadə vacib hədəflər kimi müəyyən edilib. Ənənəvi həyat tərzinin ayrılmaz hissəsi olan kəhrizlər də qorunacaq və şəhərin ümumi həyatında öz funksional rolunu davam etdirəcək. Bu qədim su şəbəkələri həm mədəni irs, həm də müasir dövrdə praktik əhəmiyyət daşıyan elementlər kimi qiymətləndirilir.
NUHÇIXAN xəbər verir ki, layihəni icra edən İsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Wiest layihə ilə bağlı bir sıra vacib məqamlara toxunub. O bildirib:
"Sizə bir nümunə göstərim – 'communal pocket parks', yəni cəmiyyətin istifadəsinə açıq olan kiçik yaşıl sahələr. Bunlar ‘mini-parklar’ kimi şəhərin müxtəlif nöqtələrində yaradılacaq. İnsanlar burada görüşə, söhbət edə, vaxt keçirə və uşaqlar oyun oynaya biləcəklər. Bu parklarda geniş ağacəkmə işləri aparılacaq, kölgəli sahələr yaradılacaq. Eyni zamanda, digər yaşayış məntəqələrində də ağac əkilməsi və kölgəlik sahələrin artırılması nəzərdə tutulur.”
Layihənin əsas məqsədlərindən biri şəhərin “yaşanılabilirliyini” – yəni yaşam şəraitini yüksəltməkdir. İnsanların yaşadıqları məkandan və şəhər mühitindən məmnun qalması üçün bütün detallar düşünülüb. Bu yanaşma Ordubadın həm ekoloji, həm də sosial baxımdan daha sağlam və cəlbedici bir şəhərə çevrilməsinə xidmət edəcək.