Milli Məclis “Polis haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, sənəd layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qəbul olunmuş bu dəyişiklik polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi daşıyır. Qanun dəyişikliyi ilə “Polis haqqında” Qanunun 39-cu maddəsinə III və IV hissələr əlavə olunub. Yeni müddəalara əsasən, müəyyən maliyyə vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək. Bu vəsaitlər aşağıdakılardan ibarətdir:
1. Polis orqanları tərəfindən aparılan istintaq çərçivəsində dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə köçürülən məbləğin 5 faizi;
2. Cinayət məsuliyyətindən azad edilmə üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinə edilən ödənişlərin 5 faizi.
Həmçinin toplanmış bu vəsaitlərin necə istifadə ediləcəyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşəcək.
Qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərinə əsasən qəbul olunub.