Naxçıvan televiziyasının əməkdaşı Təranə Arifqızının “Keçidlər” adlı növbəti kitabı nəşr edilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, bundan əvvəl yeddi kitab və “Yüz ilimin sədası” antologiyasının müəllifi olmuş Təranə Arifqızının növbəti kitabı oxucuların ixtiyarına verilib.
Müəllifin “Keçidlər” kitabında hekayələr, esselər, köşə yazıları və müsahibələr yer alıb. Kitabda bir neçə fərqli janrda, xüsusilə də vətənpərvərlik mövzusunda mətnlərin toplanması müəllif kimi, Təranə Arifqızının çoxşaxəli yaradıcı potensialını ortaya qoyur. Müəllifin özünün də vurğuladığı kimi oxucularla görüşə nəsr və publisistika ilə gəlib.
“Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatla çap edilən kitabın redaktəsi Azərbaycan Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist Hüseyn Əsgərova, ön sözü filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Mətanət Vahidə məxsusdur.