Jalə Ədilova Naxçıvan televiziyası əməkdaşlarına nitq mədəniyyəti və aparıcılıq diksiyası üzrə təlim keçib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Baku TV-nin xəbər aparıcısı, peşəkar diksiya təlimçisi Jalə Ədilova Naxçıvan televiziyasının əməkdaşları üçün “Nitq mədəniyyəti və aparıcılıq diksiyası” mövzusunda təlim keçirib.
Təlim zamanı Jalə Ədilova düzgün və aydın danışığın uğurlu ünsiyyətin əsas şərtlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, insanın öz fikrini ifadə etmə tərzi onun qarşı tərəfə necə təsir göstərdiyini müəyyənləşdirir. Peşəkar nitq bacarığı isə xüsusilə aparıcılıq sahəsində inamlı və təsirli çıxış üçün vacibdir.
Təlimdə iştirak edənlərə nitq texnikası, vurğu, intonasiya və nəfəs nəzarəti kimi əsas elementlər barədə nəzəri və praktiki bilgilər verilib. Jalə Ədilova gənc jurnalistlərin və televiziya əməkdaşlarının bu sahədəki bilik və bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Sonda iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və praktik tapşırıqlar üzərində iş aparılıb.