NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun 2025-ci il 10 iyul tarixində imzaladığı Sərəncama əsasən, Rüstəmov Cəlil Abbas oğlu Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Cəlil Rüstəmovu Kəngərli Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivinə təqdim edib.
Samir Seyidəhmədli yeni təyinatın rayon İcra Hakimiyyətinin fəaliyyətinə müsbət töhfə verəcəyini bildirib, hazırkı mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində qarşıda duran vəzifələrə diqqət çəkib, müəyyən olunmuş hədəflərə çatmaq üçün görüləcək işlərdə kollektivə uğurlar arzulayıb.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov isə qeyd edib ki, qarşıya qoyulan vəzifələrin bundan sonra da ardıcıl və səmərəli şəkildə yerinə yetirilməsi təmin olunacaq.
Cəlil Rüstəmov ona göstərilən etimada görə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Cəlil Rüstəmov yeni vəzifəyə təyin olunmazdan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.