İran İslam Respublikasının qonşu Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələri yüksək səviyyədədir. Bizim Naxçıvan Muxtar Respublikasına səfərimizin məqsədi burada yaradılan imkanlarla daha yaxından tanış olmaq, gələcəkdə birgə görəcəyimiz işlərin perspektivini müəyyən etməkdir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nəriman söyləyib.
Möhsün Nəriman deyib: Araz Azad Ticarət və Sənaye Zonasını Naxçıvan Muxtar Respublikasından Araz çayı ayırır. Düşünürəm ki, biz iqtisadiyyat, mədəniyyət, turizm və digər sahələrdə daha sıx əməkdaşlıq qura bilərik. Araz Azad Ticarət və Sənaye Zonasında sadaladığım sahələr üzrə geniş imkanlar mövcuddur. Bu gün Naxçıvanla tanışlıq zamanı da burada həmin istiqamətlər üzrə əlverişli şəraitin yaradıldığının bir daha şahidi olduq. Səfər zamanı bütün bu məsələlərlə bağlı bir sıra yüksək səviyyəli görüşlər keçirdik, gələcək əməkdaşlığa dair çox faydalı müzakirələr apardıq. Düşünürəm ki, bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticələr verəcəkdir.
Möhsün Nəriman vurğulayıb ki, qarşılıqlı görüşlərin davamlı keçirilməsi hər iki tərəfin bir-birinin iqtisadi potensialına daha yaxşı bələd olmasına şərait yaradır. Belə olan halda gələcəkdə daha geniş əməkdaşlıq üçün yeni imkanlar yaranır. O deyib: “Bu gün mənimlə bərabər nümayəndə heyətinin digər üzvləri də qarşılıqlı görüşlər keçirərək əməkdaşlığın istiqamətlərini müəyyən etdilər. Bununla yanaşı, Naxçıvanda fəaliyyət göstərən bir sıra istehsal müəssisələrində olduq, yaradılan şəraitlə, istehsal prosesləri ilə maraqlandıq. Qısa tanışlıq zamanı Naxçıvanın inamla inkişaf edən bir diyar olduğuna əmin oldum. Hesab edirəm ki, əməkdaşlığımız bu yüksəlişi daha da sürətləndirəcək və ümumilikdə, hər iki qonşu ölkənin inkişafına təkan verəcəkdir”.
İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru vurğulayıb ki, qarşılıqlı görüşlər bundan sonra da davam edəcək, atılacaq addımlar hər iki tərəf üçün səmərəli olacaqdır.