Naxçıvanın su hövzələrinə mediatur təşkil edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, su ehtiyatlarının getdikcə azalması və iqlim dəyişikliyinin yaratdığı çağırışlar fonunda qlobal miqyasda suya qənaət və səmərəli istifadənin önəmi daha da artır. Bu məqsədlə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qlobal su böhranına, sudan səmərəli və qənaətli istifadənin vacibliyinə ictimai diqqəti artırmaq üçün muxtar respublikanın su hövzələrinə mediatur təşkil olunub.
Mediatur çərçivəsində jurnalistlər ilk olaraq Şahbuz rayonunun ərazisində, dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən "Qanlıgöl" sututarına baş çəkiblər. Burada məlumat verilib ki, ötən il həyata keçirilmiş mühüm və strateji əhəmiyyət daşıyan layihələrdən biri də "Qanlıgöl" sututarının suburaxıcı qülləsinin əsaslı şəkildə təmir olunmasıdır. Uzun illər təmir edilməyən və nəticədə istifadəyə yararsız hala düşmüş bu mühüm hidrotexniki qurğu, peşəkar yanaşma və müasir texnologiyalarla bərpa olunaraq öz funksionallığını tam şəkildə bərpa edib.
Sonra jurnalistlər Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksinə və Şahbuz Çirkab Su Təmizləyici Qurğular Kompleksinə baxış keçiriblər.
Media nümayəndələri komplekslərin ümumi infrastrukturu, texnoloji avadanlıqları və fəaliyyət prinsipi ilə yaxından tanış olublar. Mütəxəssislər tərəfindən jurnalistlərə komplekslərin gündəlik iş rejimi, çirkab suların mərhələli şəkildə təmizlənməsi prosesi, ekoloji tələblərə uyğun aparılan nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu qurğular müasir standartlara uyğun şəkildə qurulub, bölgədə ekoloji tarazlığın qorunması, əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər zamanı media nümayəndələri həmçinin Batabat yaylağında yerləşən unikal Batabat göllərinə də baxış keçiriblər. Sonda isə hazırda su səviyyəsi minimum həddə yaxınlaşan Heydər Əliyev su anbarında vəziyyətlə tanış olublar.
Mediatur çərçivəsində su ehtiyatlarının idarə olunması sahəsində həyata keçirilən tədbirlər, muxtar respublikanın içməli və suvarma su təminatının mövcud vəziyyəti, infrastruktur və görülən işlərlə əyani şəkildə tanış olan mediatur iştirakçılarının bütün sualları ətraflı şəkildə cavablandırılıb, jurnalistlərə bölgədəki su təsərrüfatının vəziyyəti və aparılan tədbirlər barədə ətraflı məlumat verilib.