Milli Məclis “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, sənəd layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Altı fəsil, 38 maddədən ibarət qanun layihəsi xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyəcək.
Sənəd layihəsinə əsasən, xüsusi İcra Məmurlarının Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
Qanun layihəsinə görə, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, pul öhdəlikləri barədə məhkəmə qərarını yerinə yetirə bilməyən şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 5 (beş) il müddətində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, habelə vəzifəsinin icrası ilə bağlı kobud pozuntulara görə hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik, notariat, xüsusi icra məmuru fəaliyyətinə xitam verilmiş şəxslər, ikili vətəndaşlığı olan, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icra məmuru işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxslər xüsusi icra məmuru ola bilməzlər.
Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, xüsusi icra məmuruna sahibkarlıq və digər ödənişli fəaliyyətlə məşğul olmaq qadağandır. Xüsusi icra məmuru siyasi partiyaya üzv ola və siyasi fəaliyyətlə məşğul ola bilməz. Xüsusi icra məmuru fəaliyyətə başlamazdan əvvəl siyasi partiyanın üzvlüyündən çıxmalıdır.
Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşı xüsusi icra məmuru ola bilər. Xüsusi icra məmuru vəzifəsi üzrə vakansiyalar müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqə Komissiyasına daxil olmuş müraciətlərə Komissiyanın iclaslarında 2 (iki) ay müddətində baxılır və yekun qərar qəbul olunur.
Xüsusi icra məmuru olmaq istəyən şəxslər azı 3 (üç) aylıq ilkin icbari hazırlıqdan keçməli və stajkeçməyə cəlb olunmalıdır. Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər. Bu şəxslər müsabiqənin test mərhələsindən də azad edilir.