NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində “Bələdiyyələr tərəfindən yerlərdə təmizlik işlərinin aparılması və torpaq qanunvericiliyinə əməl edilməsi sahəsində görülən işlərin vəziyyəti” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, yerli özünüidarəetmə qurumu olan bələdiyyələr abadlıq-təmizlik işləri ilə yanaşı qanunvericiliyin tələbləri çərçivəsində torpaqlardan səmərəli istifadəni də həyata keçirməlidirlər. Rayonun 82 min 842 hektar torpaq sahəsinin 43 min 235 hektarı bələdiyyə mülkiyyətindədir. Odur ki, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmalı, icarəyə verilən torpaqlarda bol məhsul istehsal edilməlidir. Torpaqların zəbt olunması və qanunsuz tikintilərin aparılması yolverilməzdir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi, icarə haqqının yığılması, icarə zamanı ədalət prinsipinin gözlənilməsi və digər məsələlər bələdiyyələrin qarşısında duran əsas vəzifələrdəndir.
Müşavirədə Babək bələdiyyəsinin sədri Cabbar Cəlilov və Cəhri bələdiyyəsinin sədri Nüsrət Qurbanov aparılan təmizlik, abadlıq işlərindən, torpaqlardan səmərəli istifadə olunmasından bəhs ediblər. Bildiriblər ki, ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması üçün müqavilə əsasında texnika və əlavə işçilər də cəlb olunur.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov müşavirəyə yekun vuraraq “Ailə təsərrüfatları ili” elan olunan 2019-cu ildə bələdiyyələr qarşısında duran vəzifələrdən danışıb, yerlərdə təmizlik işlərinin aparılması və torpaqla bağlı qanunvericiliyə ciddi riayət edilməsi üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verib.
Məhəmməd Fərəcov