“Heydər Əliyev müasir Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, iyulun 15-də Naxçıvan Muxtar Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev müasir Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin akt zalında baş tutub.
Seminarı giriş sözü ilə açan Komitə sədri İlqar Sadıqov Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu və müasir Azərbaycan Konstitusiyasının formalaşmasındakı misilsiz tarixi xidmətlərindən danışaraq iştirakçılarla öz dəyərli fikirlərini bölüşüb.
Tədbirdə həmçinin Naxçıvan Rəssamlar Birliyini sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunvericilik və hüquq şöbəsinin böyük məsləhətçisi İkram Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin aparıcı məsləhətçisi Turac Əlizadə, Naxçıvan Dövlət Universitetinin Tarix və filologiya fakultəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov Heydər Əliyevin konstitusiya quruculuğu sahəsindəki irsindən, onun hüquqi və siyasi sistemin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.
Seminar çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısa videoçarx nümayiş olunmuş, tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.