NİİM: Altı ayda moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 4 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb
Cari ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb. Paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət alıb.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, bu cür nəqliyyat vasitələrini idarə edən bəzi sürücülərin ciddiyə almadığı, bəzən yollarda onların irəli düşmək, bəzən də bilərəkdən qaydaları pozmaq istəyi, sadəcə qəza statistikası deyil, kimlərinsə valideynsiz və övladsız qalması ilə nəticələnən faciələrə səbəb olur. Faciələrin yaşanmaması üçün isə silsilə tədbirlərin davamı olaraq, NİİM və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən birlikdə ikitəkərli nəqliyyat sürücülərinə qaydalar izah olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.