Səlahiyyətli nümayəndə Naxçıvan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyulun 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılarla görüşüb.
Səlahiyyətli nümayəndə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və qarşıda duran məsələlər barədə məlumat verib. 2023-cü ildə Naxçıvan şəhər ictimaiyyəti ilə keçirilən ilk görüşü xatırladan səlahiyyətli nümayəndə vurğulayıb ki, sakinlərin problemləri əsasında görüləcək işlər müəyyənləşdirilib və bu əsasda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı” hazırlanıb. Ölkəmizdə icra olunan ən mühüm irihəcmli dövlət sənədləri sırasında olan Dövlət Proqramında 13 prioritet sahə, o cümlədən yol infrastrukturu, aqrar sektor, su-meliorasiya sistemləri, turizm, enerji, təhsil və digər sferalar üzrə davamlı inkişaf planı hazırlanıb və icra olunur. Dövlət Proqramına uyğun olaraq Azad İqtisadi Zona elan edilən Naxçıvanda Zəngəzur dəhlizinin reallaşması perspektivində nəqliyyat-logistika layihələri reallaşdırılacaq, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılacaq, mühüm “yaşıl enerji” layihələri icra olunacaq, yeni günəş, külək və istilik elektrik stansiyaları inşa olunacaq, enerji ixracı potensialı artırılacaq və təmin olunacaq.
Fuad Nəcəfli ictimaiyyət nümayəndələrini Naxçıvan şəhərinin yeni Baş planı layihəsi ilə tanış edib. Qeyd edib ki, şəhərin hazırkı Baş planı 1983-cü ildə aparılıb. Bu da əsaslı dəyişiklikləri şərtləndirir. Böyük Britaniyanın şəhərsalma sahəsində böyük təcrübəyə malik “Chapman Taylor” şirkətinin icra edəcəyi yeni Baş planda şəhərin özünəməxsusluğu qorunub saxlanılmaqla müasir infrastruktur imkanları yaradılacaq və ümumi potensialı genişləndiriləcək.
Ziyalılar görüşdə çıxış edərək Naxçıvan şəhərində yolların yenidən qurulması, infrastruktur quruculuğu və azad sahibkarlığın təmin olunması istiqamətlərində görülən işlərin məmnunluq doğurduğunu, bu işlərin sakinlərdə sabaha böyük ümidlər yaratdığını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.