Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə muxtar respublikada əhalinin elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq və iqtisadiyyatın davamlı enerji ilə təmin olunması üçün mühüm addımlar atılıb. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilib, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilib. Muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları,Babək rayonunda 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib.
2014-2018-ci illəri əhatə edən üçüncü dövlət proqramının icrası ilə əlaqədar 3 elektrik stansiyası tikilib, 622,7 kilometr elektrik xətləri çəkilib və əsaslı təmir olunub. 784 transformator və 181 yarımstansiya quraşdırılıb və ya əsaslı təmir edilib. Əgər əvvəllər muxtar respublikada ümumi gücü 22 meqavat olan 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2018-ci ilin sonuna bu müəssisələrin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb.
Yeni yaradılan güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji idxalından enerji ixrac edən regiona çevirib. 2018-ci ildə muxtar respublikada 425 milyon 941 min 325 kilovatsaat elektrik enerjisi istehsal olunub ki, bu da 2008-ci ildəki göstəricidən 96,1 faiz çoxdur.
2018-ci ildə muxtar respublikada elektrik enerjisinin 240 milyon 631 min 325 kilovat-saatı və ya 56,5 faizi istilik elektrik stansiyalarında, 151 milyon 380 min kilovat-saatı və ya 35,5 faizisu elektrik stansiyalarında, 33 milyon 930 min kilovat-saatı və ya 8 faizi isə Günəş Elektrik Stansiyasında istehsal edilib.
Alternativ və bərpaolunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 43,5 faizini təşkil edib. 2018-ci ildə ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 88,5 faizi muxtar respublikada istehsal olunub. Muxtar respublikanın enerji sistemini daha da müasirləşdirmək və ucuz enerji istehsalı sahələrinin yaradılması məqsədilə 2019-cu ilin fevral ayında Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib, hazırda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.