Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-ci ildən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi həyata keçirilir.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, layihənin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini artırmaq, mikro və kiçik biznesləri inkişaf etdirmək, onların bacarıqlarını daha da gücləndirməkdir.
Layihə çərçivəsində 64 qadına ümumilikdə 70 min manat məbləğində sərmayə kapitalı təqdim olunub. Bu proqram çərçivəsində qadınlara biznes ideyalarını reallaşdırmaq, yeni təsərrüfat sahələri yaratmaq və mövcud fəaliyyətlərini genişləndirmək üçün maliyyə və təlim dəstəyi verilib. Verilmiş sərmayə kapitalının 77 faizi ailə təsərrüfatlarının, 23 faizi isə dərzilik, dekorativ-tətbiqi sənət və digər sənətkarlıq sahələrinin yaradılması və ya genişləndirilməsi məqsədilə ayrılıb.
Layihənin ən önəmli tərəflərindən biri də qadınların əldə etdiyi real uğurlardır. Layihə iştirakçısı Şərur rayonunun Püsyan kənd sakini Təhminə Quluzadə 1 baş iribuynuzlu heyvanla başladığı təsərrüfatını 6 başa qədər genişləndirib.
Eyni uğura həmin kənd sakini, digər bir layihə iştirakçısı Naibə Qənbərova da imza atıb. O, layihədən aldığı dəstəklə iribuynuzlu heyvanlarının sayını 3-ə çatdırıb. Artıq bu ailələr əldə etdikləri ət və süd məhsullarını sataraq əlavə gəlir qazanır, ailə büdcələrini gücləndirirlər.
Son 3 il ərzində layihəyə qoşulan qadınlar təqdim edilən sərmayədən maksimum fayda götürüblər. Mütəmadi olaraq komitə tərəfindən aparılan monitorinqlərdə qadınların fəaliyyətində heç bir nöqsan aşkarlanmayıb. Bu layihələr, xüsusilə də kənd yerlərində qadınların məşğulluğunun artırılmasına, ailələrin rifahının yaxşılaşmasına böyük töhfə verir.