NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunan “Maddi-mədəni irsim Naxçıvan” rəsm müsabiqəsinə yekun vurulub.
Naxçıvan Dövlət Rəsm Qalareyasında keçirilən müsabiqədə muxtar respublikanın rayonlarından olan ümumillikdə 17 iştirakçı öz istedadını nümayiş etdirib. Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikada istedadlı gənc rəssamların üzə çıxarılması və onların rəssamlıq sənətini daha dərindən öyrənmələrinə maraq yaratmaq olub.
Müsabiqə iki turdan ibarət olub. Birinci tur yanvar ayının birinci ongünlüyündə keçirilib.
Müsabiqənin əsas qayəsini təbiət təsvirləri, Naxçıvanın tarix-memarlıq abidələri, milli dəyərlər və adət-ənənələri əks etdirən rəsm əsərləri təşkil edib.
Müsabiqə qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib, diplomla mükafatlandırılıblar.
Röyal Kərimov