Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib   - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2025-ci ilin ilk altı ayı ərzində görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
 
İclası giriş sözü ilə açan Komitənin sədri Ramilə Seyidova Komitənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilmiş tədbirlər, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 2025-ci ilin altı ayı ərzində muxtar respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması məqsədilə silsilə tədbirlər keçirilmiş, əsas funksional istiqamətlər hədəfə alınmışdır. Əsas hədəflərdən biri Azərbaycan Respublikası Prezidentinin 05 iyun tarixli müvafiq sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Komitə qarşısına qoyulmuş vəzifələrin icrası olmuşdur ki, bununla əlaqədar Naxçıvan, Şərur və Culfa Regional Ailə Mərkəzlərinin inzibati binalarının layihələndirilməsi ilə bağlı işlər görülmüşdür.

Bildirilib ki, uşaq hüquqlarının qorunması istiqamətində 58 monitorinq keçirilib, 4 erkən evliliyin qarşısı alınıb, təhsildən yayınan 40 uşağın yaşadığı ünvanlarda monitorinqlər təşkil olunub, nəticədə 33 uşağın dərsə davamiyyəti təmin edilib. Həmçinin, uşaq məsələləri ilə bağlı 32 tədbir, 2 ustad dərsi, 4 təlim, 3 seminar və 1 festival təşkil olunub, ümumilikdə 3271 nəfər bu tədbirlərdən yararlanıb. Bununla yanaşı, 806 ədəd təbliğat materialı paylanılıb, 6 poster elan lövhələrinə vurulub.

Komitə sədri Ramilə Seyidova qeyd edib ki, qadın məsələləri üzrə isə 15 tədbir, 12 monitorinq və 3 görüş keçirilib, bu çərçivədə 1394 nəfər iştirakçı olub, 300 ədəd təbliğat materialı paylanılıb. Sərmayə kapitalı verilmiş 12 qadının yaşadığı ünvanlarda və təsərrüfat sahələrində monitorinqlər aparılıb, nəticədə hər hansı nöqsana rast gəlinib.

Həmçinin məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu yaradılıb.

Sosial qayğıya ehtiyacı olan, özünüməşğulluğunu təmin etmiş qadınların əl işlərinin satışına dəstək məqsədilə təşkil olunan sərgi-satış, festival və əl işləri mağazasında 26 qadının 12.964 manat dəyərində 2616 əl işi və məhsulu satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4257 manat artıq vəsait deməkdir.

Komitə sədri vurğulayıb ki, ailə məsələləri ilə bağlı maarifləndirmə və dəstək məqsədilə 47 görüş, 32 tədbir, 1 konfrans, 1 iclas və 1 təlim keçirilib, ümumilikdə 2036 nəfər bu tədbirlərdən yararlanıb. Eyni zamanda, 785 ədəd təbliğat materialı paylanılıb, 8 poster elan lövhələrinə vurulub. Komitə tərəfindən şəhid ailələrinə diqqət və qayğının göstərilməsi məqsədilə Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər keçirilib və onlara hədiyyələr təqdim olunub.

Qeyd olunmuşdur ki, ümumilikdə, 2025-ci ilin ilk 6 ayı ərzində Komitə tərəfindən 2 kollegiya iclası, 1 konfrans, 1 iclas, 1 festival, 82 tədbir, 50 görüş, 70 monitorinq, 7 təlim, 3 seminar, 5 sərgi-satış, 3 ustad dərsi və 1 müsabiqə olmaqla 226 müxtəlif səpkili tədbir təşkil olunub. Bu göstərici ötən illə müqayisədə 108 tədbir çoxdur.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Universitetinin 3 ixtisasında təhsil alan tələbələrin Komitədə istehsalat təcrübəsi keçməsi təşkil olunmuşdur. Həmçinin Komitə əməkdaşı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin müvafiq sərəncamı ilə “Rəşadətli əməyə” görə nişanı ilə təltif olunmuşdur.

Keçirilmiş tədbirlərdən ümumilikdə 6955 nəfər – 2748 kişi və 4207 qadın yararlanıb. 1931 ədəd təbliğat materialı paylanılıb, 14 poster elan lövhələrinə vurulub. Əldə olunan nəticələr ötən ilin eyni dövrü ilə müqayisədə 1 kollegiya iclası, 1 konfrans, 39 görüş, 25 monitorinq, 17 tədbir, 2 ustad dərsi, 1 seminar və 1 sərgi-satışın çox, 1 təlim və 1 ekskursiyanın isə az keçirildiyini göstərir. Eyni zamanda, 1269 nəfər çox iştirakçı tədbirlərdən faydalanıb, 435 təbliğat materialı artıq paylanılıb, əlavə olaraq 14 poster lövhələrə vurulmuşdur.

Hesabat dövrü ərzində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı 65 tədbir, 1 konfrans, 1 festival, 6 təlim, 4 görüş, 3 seminar, 1 sərgi-satış və 3 ustad dərsi təşkil edilib. Bu tədbirlərdən ümumilikdə 5145 nəfər yararlanıb, 1636 təbliğat materialı paylanılıb, 12 poster elan lövhələrinə vurulmuşdur.

Məruzə ətrafında Komitə Aparatının Ailə, Qadın Problemləri və Gender Məsələləri Şöbəsinin müdiri Könül Babayeva, Uşaq Problemləri Şöbəsinin müdiri Gülər Əhmədova, Aparatın Maliyyə-Təsərrüfat və Kargüzarlıq Şöbəsinin müdiri Vüsalə Vəliyeva 2025-ci ilin ilk 6 ayı ərzində görülən işlər barədə çıxış etmişlər.

Kollegiya iclasında görülən işlərlə yanaşı fəaliyyətlə bağlı nöqsanların aradan qaldırılması ilə əlaqədar tapşırıqlar verilmiş, 2025-ci ilin II yarısında görüləcək işlər müzakirə olunmuşdur.
Sonda kollegiyanın qərar layihəsi qəbul olunmuşdur

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: