Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib və Azərbaycan qadınlarına xas olan yüksək mənəvi keyfiyyətlərdən söz açıb. Qeyd edilib ki, qadınlarımız tarixin hər bir dövründə cəmiyyətin sarsılmaz mənəvi dayağı olub, adət-ənənələrimizin yaşadılması və nəsillərdən nəsillərə çatdırılmasında müstəsna rol oynayıb, torpaqlarımızın keşiyində kişilərlə bir sırada dayanıblar. Xalqımız üçün çox müqəddəs olan vətənin, torpağın və dilin ana vətən, ana torpaq, ana dili adlandırılması da Azərbaycan xalqının qadına, anaya verdiyi yüksək dəyərin ifadəsidir.
Bəxtiyar Əsgərov bildirib ki, ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi hesab edib, milli qadın hərəkatının formalaşması üçün böyük işlər görüb. Azərbaycan qadını həkim, müəllim, mühəndis, dövlət qulluqçusu, ictimai-siyasi xadim olmaqla yanaşı, həm də qayğıkeş ana, vəfalı həyat yoldaşıdır. Ümummilli liderimizin ali hakimiyyətə qayıdışından sonra qadın problemlərinin həllində də əsaslı dönüşə nail olunub. Dövlət qadın siyasətini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkəmiz qadın hüquqlarının qorunması ilə bağlı konvensiyalara qoşulub. Bu gün Azərbaycan qadını qanunvericilik və icra strukturlarında, elm, təhsil, mədəniyyət, dövlət qulluğu və ordu quruculuğu, hüquq-mühafizə, məhkəmə orqanları və digər sahələrdə çalışırlar. Bu, Azərbaycan qadınının seçki hüququ qazanmasından ötən yüz ildə əldə etdiyi ən böyük nailiyyətlərdir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib.
Qeyd olunub ki, bu gün müstəqil Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan, son illər həyatın bütün sahələrində böyük inkişaf yolu keçən müasir Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə dövlət-qadın siyasəti özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. Muxtar respublika qadınları ölkə həyatının ən müxtəlif sahələrində yaxından iştirak edir, eyni zamanda, müstəqil dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Bu, bir tərəfdən çoxəsrlik tarixə söykənən zəngin ənənələrimizlə bağlıdırsa, digər tərəfdən uğurla həyata keçirilən dövlət qadın siyasəti və Naxçıvan Muxtar Respublikasında qadınlara yaradılan geniş və münbit şəraitlə bağlıdır.
Bəxtiyar Əsgərov çıxışını Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Ümidvaram ki,qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə,adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək,daim yeniləşən ölkəmizin daha da çiçəklənməsinə layiqincə xidmət göstərəcəklər”.