Bu gün şəhid leytenant Məmmədli Nicat Rizvan oğlunun mövlud günüdür - FOTOLAR
Bu münasibətlə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Sonra Culfa rayon Mədəniyyət evində davam edən tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, şair publisist Elxan Yurd oğlunun " Yarımçıq qalmış roman" adlı kitabın təqdimatı olub.
Tədbirdə çıxış edənlər şəhidin ailəsinə dərin ehtiramlarını ifadə edib, müəllifə minnətdarlıqlarını bildiriblər.
Nicat Məmmədlinin döyüş yoldaşları çıxışlarında onunla bağlı xatirələrini bölüşərək qəhrəmanımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.
Sonra bədii kompozisiya təqdim olunub.
Şəhidin valideyinləri Rizvan Məmmədov və Minayə Məmmədova çıxış edərək tədbir iştirakçılarına və Nicatın xatirəsinə həsr edilmiş kitabın müəllifi Elxan Yurdoğluna təşəkkürlərini bildiriblər.
Sonra Elxan Yurdoğlu çıxış edib. Müəllif şəhidin ailəsinə, bir ilə ərsəyə gələn kitabın hazırlanmasında, məlumatların toplanmasında ona yardım edən hər kəsə təşəkkürünü bildirib.
Sonda xatirə fotoları çəkdirilib, ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Nicat Rizvan oğlu Məmmədli 1999-cu il iyulun 31-də Culfa şəhərində anadan olub. O, 2013-2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Nicat Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 9 oktyabr tarixində döyüş zamanı düşmən qumbarasının üzərinə atılaraq 30-a yaxın döyüş yoldaşlarının həyatını xilas edib və qəhrəmancasına şəhid olub.
Nicat Məmmədli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşü", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Bəxtiyar Əliyev
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi