Naxçıvanda növbəti “SUVAR” ekoloji aksiyası keçirilib - VİDEO
Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsi məqsədilə növbəti “SUVAR” ekoloji aksiyası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, aksiya Naxçıvan şəhərinin "Əlincə" məhəlləsində keçirilib.
Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Sonra ətraf ərazidəki ağaclar suvarılıb. Ağacların suvarılması işində könüllülərlə yanaşı, təşkilatçı qurumların əməkdaşları da fəal iştirak ediblər.
Qeyd edək ki, ekoloji aksiya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Muxtar Respublika Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.