Naxçıvan şəhərində işıqlandırmanın yaxşılaşdırılması üçün yeni işıq dirəkləri quraşdırılır - FOTOLAR
Naxçıvan şəhərinin küçələrində mövcud işıqlandırma problemlərinin həlli məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2024-cü ilin son rübündə yol işıq dirəkləri və onların başlıqlarının alınması ilə bağlı tender elan edilib.
NUHÇIXAN xəbər verir ki, cari il yanvarın 14-də isə bu tender üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən 650 ədəd yol işıq dirəyi, 300 ədəd işıq dirəyi başlığı alınıb və onların Naxçıvan şəhərinə gətirilməsi prosesinə başlanılıb. Dirəklərin bir hissəsi şəhərə gətirilib, qalan hissəsinin daşınması isə davam edir.
Hazırda Naxçıvan şəhərinin İstiqlal və İslam Səfərli küçələrində işıq dirəklərinin quraşdırılmasına başlanılıb.
Şəhər ərazisində işıqlandırmanın olmadığı digər küçə və döngələrdə də yol işıq dirəklərinin quraşdırılması nəzərdə tutulur. Bu addım nəticəsində Naxçıvan şəhərindəki işıqlandırma problemlərinin bir hissəsi aradan qaldırılacaq və işlər il ərzində mərhələli şəkildə davam etdiriləcək.