Şəhid Zamanlı Məmmədin mövludu qeyd olunub - FOTOLAR
Bu gün Vətən müharibəsi şəhidi Zamanlı Məmməd Rəhman oğlunun doğum günü Şərur rayon Püsyan kəndində, şəhidin məzarı yanında qeyd olunub.
Tədbirdə Şərur rayon İcra hakimiyyətinin başçısının müavini, Naxçıvan MR Ali Məclisinin deputatları, SHXÇDX-nin rayon bölməsinin məsul şəxsləri, rayon Polis Şöbəsinin əməkdaşları, hərbçilər, şəhidin ailə üzvləri, muxtar respublikanın digər bölgələrindən gələn şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarına gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Şəhidin ruhuna dualar oxunub.
Şərur Rayon İcra hakimiyyətinin başçısının müavini Aysel Zeynalabdinova şəhidin ailəsinə baş sağlığı verərək deyib:
"Möhtərəm Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həllinə nail olunması təşkil edir. Şərur rayonunda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsi yüksək səviyyədə təşkil olunur.
Həmin ənənənin davamı olaraq bu gün Püsyan kəndinin şəhid Zamanlı Məmməd Rəhman oğlunun doğum günü münasibətilə onun məzarı başına toplaşmışıq.
Bildiyiniz kimi ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, qalib Azərbaycan xalqı öz vətənpərvərliyini, əzmini bütün dünyaya tam aydınlığı ilə göstərdi. Haqq savaşında daim öndə gedən Naxçıvan torpağının qəhrəman övladlarından olan Məmmədin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq".
Tədbirdə digər çıxış edənlər qəhrəmanın ailəsinə dərin etiramla başlağlığı veriblər.
Şəhidin bacısı Zamanlı Starə öz çıxışında qardaşı ilə bağlı xatirələrini bölüşüb.
Sonda şəhid atası ZamanlıRəhman çıxış edərək ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bütün tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, Leytenant Zamanlı Məmməd Rəhman oğlu 3 avqust 1998-ci ildə Şərur rayonunun Püsyan kəndində anadan olub. Orta təhsilini M.Əsgərov adına Püsyan kənd orta məktəbində alıb, daha sonra isə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2015-ci il liseydən məzun olub, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qədəm qoyub. 2019-cu il iyul ayında Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə artilleriya üzrə leytenant rütbəsi ilə Vətənə xidmətə başlayıb.1 il 2 ay verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə gəldiyinə görə o, "Baş Zabit" rütbəsi ilə təltif edilib.
Vətənini canından çox sevdiyini deyir yaxınları. Ən böyük arzusu isə Vətən torpaqlarını yağı düşməndən xilas etmək olub. Məmməd, İnsanlara qarşı hörmətlə yanaşıb, böyüklə böyük, kiçiklə kiçik olmağı xoşlayırmış. Ailəsinin yaxşı, rahat, firavan yaşaması arzusu olub. Evlənməsə də, könlünü verdiyi biri olub...
27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərə əsgərləri ilə birgə qatılan komandir, düşmən tərəfindən atılan mərmi nəticəsində Şəhidlik zivrəsinə yüksəlib, elə döyüşlərin ilk günü, ilk verdiyimiz Şəhidlərimizdən olub... İgid leytenantımız, Şərurun Püsyan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Zamanlı Məmməd, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda başlayan Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Bəxtiyar Əliyev
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi