Naxçıvan MR Həmkarlar İttifaqları Şurası tərəfindən daha 51 nəfərin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, avqustun 2-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ittifaq üzvlərinin yay istirahətinin təşkili çərçivəsində daha 51 nəfərin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub.
İki günlük proqram çərçivəsində onlar mərkəzdə yaradılmış şəraitdən istifadə edərək mənalı istirahət imkanı əldə ediblər. İttifaq üzvləri gündə üç dəfə təqdim olunan müxtəlif və ləzzətli yeməklərlə təmin olunub, həmçinin onların rahatlığı üçün kanat xəttindən istifadə imkanı yaradılıb. Bununla yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif intellektual və əyləncəli proqramlar həyata keçirilib.
Qeyd edək ki, yay mövsümü ərzində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri yollayış dəyərinin cəmi 15 faizini ödəməklə hər həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində yaddaqalan və mənalı şəkildə keçirmək imkanı əldə edirlər. Bu isə üzvlərin istirahətinin təmin olunması və sosial rifahının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir.