Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Fond tərəfindən muxtar respublika üzrə 2019-cu ilin mart ayının pensiya ödənişi vaxtından əvvəl maliyyələşdirilib. Nəticədə Fond və onun yerli orqanları tərəfindən istər öz pensiyasını plastik bankomat kartları ilə, istərsə də poçt şöbələri vasitəsi ilə alan əmək pensiyaçılarına pensiyalar artımla ödənilib. Bu muxtar respublika üzrə ümumilikdə 11 min nəfərdən çox əmək pensiyaçısına şamil olunub.
Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən cari ilin 10 ayı üzrə (mart-dekabr) hər ay orta hesabla 260 min manatdan çox əlavə vəsait yönəldiləcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən 2019-cu il mart ayının 1-dən əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyasının minimum məbləğinin mart ayının 1-dən artırılaraq 160 manat məbləğində müəyyən olunması barədə bu ilin fevral ayında müvafiq Sərəncam imzalayıb.