“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi ölkə başçısının 21 iyul 2025-ci il tarixli "Media nümayəndələrinin təltif edilməsi haqqında" sərəncamına əsasən Naxçıvan teleradiosunun iki əməkdaşının “Tərəqqi” medalı ilə təltif olunmasına görə, cənab Prezident İlham Əliyevə minnətdarlıq edib. Həmin minnətdarlıq məktubu prezidentin rəsmi internet səhifəsində dərc olunub.
Naxçıvan televiziyası Naxçıvan teleradiosu kollektivinin Prezident İlham Əliyevə ünvanladığı məktubu təqdim edir:
"Hörmətli cənab Prezident,
Bu ilin aprel ayının 25-də Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınız bütün media ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Sizin rəhbərliyinizlə Azərbaycanda medianın, mətbuatın inkişafına göstərilən diqqət, qayğı bizlərin qarşısında xüsusi öhdəlik və dövlətimiz qarşısında xüsusi həvəslə işləmək imkanı yaradır. Azərbaycanın köklü ənənələrə malik televiziyalarından Naxçıvan televiziyası da daim dövlətimizin diqqət və qayğısından bəhrələnmişdir. Təsadüfi deyil ki, Sizin 2024-cü il 15 avqust tarixli Fərmanınızla “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti - “Naxçıvan TV” televiziya yayımçısı kimi, "Naxçıvan Radiosu” isə radio yayımçısı kimi audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına daxil edilmişdir.
Sizin 21 iyul 2025-ci il tarixli Sərəncamınızla Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə Naxçıvan teleradiosunun iki əməkdaşı - sədr müavini Babayev Xaliq Yunis oğlu və Proqram, efirə buraxılış və əlaqələndirmə departamentinin rəhbəri Rzayev İlkin Əvəz oğlu “Tərəqqi” medalı ilə təltif olundular. Bu Naxçıvan televiziyasına, Naxçıvanda fəaliyyət göstərən bütün media nümayəndələrinə növbəti böyük etimadınız və diqqətinizdir.
Böyük etimada görə kollektivimizin, bütün Naxçıvan əhalisinin, tamaşaçılarımızın adından dərin minnətdarlığımızı bildirir, milli mətbuatımızın 150 illiyində, Böyük Zəfərin 5-ci ildönümündə Sizin rəhbərliyinizlə yüksələn Azərbaycanın carçısı kimi çalışacağımızın daim qürurunu yaşayırıq.
Zəfərimizin bayraqdarı, Müzəffər Ali Baş Komandanımızla fəxr edirik.
Hörmətlə,
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri".
https://president.az/az/articles/view/69525