Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şücaətli ekipaj üzvünün İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib.
AZAL-dan NUHÇIXAN-a bildirilib ki, tədbir iştirakçıları Hökumə Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.
Azərbaycanın digər Milli qəhrəmanları – İqor Kşnyakin və Aleksandr Kalyaninovun da xatirəsi ehtiramla yad edilib.
Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.