NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsinin kollektivi burada çalışan qadınların 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edib. Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin martın 6 da imzaladığı Sərəncam ilə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova“Tərəqqi” medalı ilə təltif olunub.
İsmayıl Hacıyev bu münasibətlə Fizzə Məmmədovanı və onun simasında bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi barədə ətraflı məlumat verib, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasətinin uğurla həyata keçirilməsindən danışıb. AMEA-nın Naxçıvan Bölməsində də qadınların səmərəli işləməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Tədbirdə akademik Tarıyel Talıbov və AMEA-nın müxbir üzvü Əliəddin Abbasov qadınları bayram münasibətilə təbrik ediblər.
Sonda qadınlara hədiyyələr təqdim olunub.
Əbülfəz Dünyamalıyev