Naxçıvanda ilk qadın sahibkar - FOTOLAR

A- A A+

Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edib. Naxçıvan qadınları  da onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək müxtəlif sahələrdə fəallıq göstərir, muxtar respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər. Belə qadınlardan biri də Mehrəngiz Əkbərovadır. Mehrəngiz xanım  muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ilk qadınlardandır.  Adətən sahibkar deyəndə göz önünə kişi əməyi gəlir. Amma Mehrəngiz Əkbərova kimi bacarıqlı xanımlarımız sübut etdi ki, Azərbaycan qadını bütün sahələrdə kişilərlə çiyin-çiyinə çalışmaq qabiliyyətinə malikdir.

Mehrəngiz Əkbərova müəllimdir. 23 il  şagirdlərə  dərs deyib. Mehrəngiz xanım deyir ki, ötən əsrin  90-cı illərində  zaman və onun tələbləri dəyişəndə   həyat yoldaşımla birlikdə düşündük ki, kiçik bir müəssisə açaq.

Sahibkarın sözlərinə görə, əvvəlcə işə başlamaq, sonra kömək istəmək lazımdır. Elə bu müəssisə kimi. 1997-ci ildə 6 nəfər işçi ilə fəaliyyətə başlayan müəssisə çox lazımlı bir  sahə ilə məşğul olub. Bu müəssisənin yaradılması ilə Azərbaycanda ilk dəfə olaraq vahid məktəbli formasına keçildi. 

Təbii ki, hər bir sahibkar yaradılan münbit şəraitdən, göstərilən dövlət qayğısından səmərəli istifadə etdikcə, yaxşı nəticələr ortaya qoyduqca dövlət də onlara dəstəyini günü-gündən artırır.Elə muxtar respublikada yaradılmış ilk özəl müəssisələrdən olan “Zümrüd” Kiçik Müəssisəsi də bu qayğıdan bəhrələnərək ötən dövrdə fəaliyyətini genişləndirib. İndi bu müəssisəsinin fəaliyyəti əvvəlki kimi yalnız  məktəbli formalarının istehsalı ilə məhdudlaşmır.  Qadın sahibkar deyir ki,   2009-cu ildə  bizə Sahibkarlığa Kömək  Fondundan  560 min manat vəsait ayrıldı. 2011-ci ildə  gündəlik istehsal gücü 150 dəst kostyum olan  müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verildi. Daha yaxşı nəticələr ortaya qoyduqca, dövlətin müəssisəyə dəstəyi də artıb. 2014-cü ildə müəssisəyə  yenidən 165 min manat  kredit ayrıldı və daha bir müəssisə,  gündəlik istehsal gücü 1000 ədəd olan  köynək sexi fəaliyyətə başladı.

Sahibkar xanım yaradılan şərait və dövlət qayğısından bəhrələnərək təşəbbüslərini daha da genişləndirir, çeşid və məhsuldarlığı hər il daha da artırır. Bu baxımdan ötən il müəssisənin əsasında “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis olunması da bunun nəticəsidir. İstehsal gücü 8 saatlıq iş rejimində 13 çeşiddə 1000 ədəd geyim olan müəssisə daxili bazarın tələbatını ödəyir. İstehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, həmçinin rayon mərkəzlərindəki ticarət obyektlərində və kəndlərdəki xidmət mərkəzlərində satılır. Ümumiyyətlə, bu gün müəssisə təkcə məktəb və təşkilatlar üçün uniformaların istehsalı ilə məşğul olmur. Burada köynək, kişi, qadın, uşaq alt və üst  geyimləri də istehsal edilir.    

Sahibkarlıq çeviklik tələb edir.  Hər gün yenilik axtarışında olmaq, istehsala əlavələr gətirmək sahibkarı bazarda yerini möhkəmləndirməyə aparır. Sahibkar xanım bu məqsədlə işə cəlb etdiyi gənclərə də arxalanır.

“Zümrüd Kiçik” Müəssisəsi istehsal etdiyi məhsullarla və keyfiyyət göstəricisinə görə alıcı rəğbəti qazanıb. Müəssisə muxtar respublika və beynəlxalq səviyyəli sərgilərə qatılır. Fəaliyyəti dövründə “Ən fəal işəgötürən” müsabiqəsi üzrə ikinci yerə sahib olub, “Biznesdə uğur mükafatına” layiq görülüb. Bu günlərdə müəssisənin uğurlar siyahısına daha biri əlavə olundu. Muxtar respublika iqtisadiyyatına, inkişafına töhfələr verən, əməyi, zəhməti ilə örnək olan Mehrəngiz Əkbərova martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən  “Tərəqqi” medalı ilə təltif olunub. Göstərilən yüksək diqqət və qayğı onun fəaliyyətinə daha da stimul verəcək, yeni-yeni uğurlar bəxş edəcək.

 

Hafizə Əliyeva

jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: