“Qadınlar müvəffəqiyyətlərini əldə etdikləri zənginliklərlə deyil, ətrafda topladıqları sevgiylə ölçərlər”. Yazıya bu fikirlə başlamaq heç də təsadüfi deyil. Əksinə, çox düşündüm ki, nə isə bir fikir tapım ki, qadınları tam mənada ifadə edə bilsin. Bunun üçün uzun-uzadı, tərkibində saysız-hesabsız vergüllərin yer aldığı cümlələrə ehtiyac qalmasın. Axtarış zamanı xeyli fikirlə rastlaşsam da, mən bunu seçdim.
Sevginin özü olan, qazancını belə həmin sevgiylə ölçən bir kütlə... Qadın... Gözəlliyin, şəfqətin, fədakarlığın, zərifliyin real təcəssümü. Və heç şübhəsiz ki, bizim üçün bu cinsin ən ali nümayəndəsi olan Ana.
Deyilənə görə, birini tanıdığımızdan bəri ondan özümüzə qarşı yaxşılıq, xoş niyyət, yaxud da fədakarlıq görürüksə, buna o qədər öyrəşirik ki, başqa cür ola biləcəyini təsəvvür belə etmirik. Qısaca, bədiilikdən uzaqlaşıb bir az da reallığa söykənərək deyə bilərik ki, xəstə olanda evin bir-birinə qarışdığı zaman, yaxud da tam da ehtiyacımız olduğunda yanımızda olmadıqlarında daha yaxşı başa düşülür qadınların dəyəri, nəyə qadir olduqları. Bütün bunları etməyi necə bacarırlar deyə düşünsək, ən məntiqli cavab: “Qadınların yaradılışındandır”...
Qadın... Əsrlər boyu onun adına şeirlər qoşulub, əsərlər yazılıb. Həyatımızda tutduqları mövqedən asılı olmayaraq, təkcə kişilərin onlara yox, elə biz qadınların da bir-birinə ehtiyacı var. Qadınların həmrəyliyi heç də sıradan bir şey deyil. Deyir qadınlar çiyin-çiyinə sıralanarsa, onların aralarından heç kim keçə bilməz.
Qadın olmaq gözəldir. O yerdə ki, sənə dəyər verirlər. O yerdə ki, sənin düşüncən, fikrin, məsləhətin onlara gərəkdir. Qadın olmaq gözəldir. Hansı ki, qadın olduğun üçün ikinci plana atılmaq deyil, bir addım öndə dayanmağın üçün hər zaman yol verilir. Bax, belə bir cəmiyyətdə qadın olmaq gözəldir.
Günün mahiyyətindən xəbərdarıq. Güclə zərifliyi eyni anda özündə birləşdirməyi bacaran qadınların bayramıdır bu gün. Hər nə qədər xüsusi günlərə bir az fərqli yanaşsaq da, biz qadınlar gün, ay, saat demədən içimizdəki sevgini, üzümüzdəki təbəssümü ətrafa saçırıq. Bizim üçün ətrafdakıların sevgisini, dəyərini hiss etdiyimiz hər gün gözəldir, hər an özəldir. Unutmayın, bir qadının üzündəki ifadə üzərindəki geyimdən daha vacibdir...
Günün mübarək olsun, hər an, hər zaman dəyər verilən bir cəmiyyətdə daima irəli addımlayan Azərbaycan qadını !
Fatma Babayeva