Muxtar respublikanın ictimai-siyasi həyatında fərqlənən qadınlar mükafatlandırılıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Naxçıvan şəhərindəki Təbriz restoranında bayram tədbiri təşkil olunub.
Bayram tədbirində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirir, onların ictimai həyatda da iştirakını təmin edir. İndi muxtar respublikanın ictimai-siyasi həyatının bütün sahələrində qadınlar öz işləri ilə seçilir, cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar. Buna görə də muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, qadınlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülür, orden, medal və nişanlarla təltif olunurlar.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova qeyd edib ki,muxtar respublikada 228 min 354 qadın yaşayır. Bu isə muxtar respublika əhalisinin 50,1 faizi deməkdir. Təhsil sahəsində işləyənlərin 9841-i, səhiyyə və sosial xidmət sahəsində işləyənlərin 4446-sı, mədəniyyət sahəsində işləyənlərin 2683-ü, dövlət qulluğunda işləyənlərin 515-i qadınlardır. Sevindirici haldır ki, təhsil, səhiyyə və mədəniyyət sahələri ilə yanaşı, qadınlarımız həmdə hüquq-mühafizə, məhkəmə və digər orqanlarda ləyaqətlə xidmət edir, elm və texniki sahələrdə fəaliyyət göstərirlər.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Sonra muxtar respublikamızın ictimai-siyasi, sosial həyatında fəallıqları ilə seçilən qadınlara qiymətli hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.
Xanım Rüstəmzadə