DSX-nin gənc əsgərləri Vətənə sədaqət andı içiblər - FOTOLAR

A- A A+

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin Döyüş Bayrağı sıra meydanına gətirilib. Daha sonra Dövlət Himni ifa olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin qorunmasında əzmkarlıq nümayiş etdirəcəklərinə, dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içiblər.

Çıxış edənlər 106 illik şanlı tarixə malik Azərbaycan sərhəd mühafizə orqanlarının bu illər ərzində dövlət sərhədinin keşiyində mətinliklə dayandığını, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatında mühüm rol oynadığını, həyata keçirilən tədbirlər nəticəsində DSX-nin maddi-texniki bazasının gücləndiyini, sərhəd mühafizəsinin təşkilinin müasir tələblərə uyğunlaşdırıldığını xüsusi qeyd ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra dövlət sərhədinin bərpası, mühafizəsi və müdafiəsi istiqamətində görülən işlər bu sahədə yeni mərhələnin başlanğıcını qoyub. Bu uğurların əsasında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və Silahlı Qüvvələrə göstərdiyi ali diqqət və qayğı dayanır.

Mərasimlərdə gənc əsgərlərin valideynləri ilə görüş keçirilib, onların təəssüratları dinlənilib.

Gənc sərhədçilərin valideynləri yaradılan şəraitə və göstərilən diqqətə görə dövlətimizin başçısına və DSX-nin rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarının məhz belə şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını ifadə ediblər.

Xidmətdə fərqlənən hərbi qulluqçuların təltifləndirilməsindən sonra mərasimlər təntənəli keçidlə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: