Babək rayonunda yaşıllıqların mühafizəsi ilə bağlı bələdiyyələrlə birgə tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, avqustun 13-də Babək rayonu Hacıvar kənd inzibati ərazi dairəsinin inzibati binasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə “Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan şəhəri və Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri iştirak ediblər. Görüşün əsas məqsədi yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsi, bu sahədə bələdiyyələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Allahyarov açaraq, yaşıllıqların mühafizəsi istiqamətində həyata keçirilən yerli tədbirlər barədə məlumat verib.
Daha sonra çıxışlar dinlənilib.
“Ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov çıxış edərək, bələdiyyələrin bu sahədə hüquq və vəzifələri, yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə ətraflı məlumat verib.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əli Əlizadə isə “Ekoloji tarazlığın qorunması ilə bağlı dövlət siyasəti” mövzusunda çıxış edərək, ətraf mühitin qorunmasına yönəlmiş tədbirlər və bu sahədə bələdiyyələrin iştirakı ilə bağlı fikir və tövsiyələrini bölüşüb.
Tədbirin sonunda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılar fikir və təkliflərini bildiriblər.