BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yaxın gələcəkdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir edəcək iqtisadi və ekoloji tendensiyaları açıqlayıb. NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, sintetik biologiya, ekoloji əlaqələrin bərpası üzrə yeni metodlar, əbədi buzlaqların əriməsi və torf bataqlıqlarının əmələ gəlməsi, azot çirklənməsi, iqlim dəyişməsi bu tendensiyaya daxildirlər.
Sintetik biologiya. Müasir biotexnologiyalar genetik material, orqanizmlər və bütöv bioloji sistemlərin modifikasiya olunmasına imkan verir. Elmin bu sahəsi sürətlə inkişaf edir və alimlər onun köməyi ilə bir sıra xəstəliklərə, məsələn, təbiətə buraxılan ağcaqanadların Zika virusunu (sarı qızdırma) yaymasına qalib gəlməyə və nəsli kəsilən heyvanların qorunmasına nail olmağa ümid edirlər.
Eyni zamanda, sintetik biologiya gözlənilməz və arzuolunmaz nəticələrə səbəb ola bilər. Artıq onun inkişafını dayandırmaq mümkün deyil, lakin UNEP beynəlxalq ictimaiyyəti dəqiq qaydalar hazırlamağa və bununla da genetik modifikasiya olunmuş orqanizmlərin ətraf mühitə nəzarətsiz təsirini azaltmağa çağırır.
Ekoloji əlaqələr. Genişmiqyaslı sənayeləşmə ekoloji sistemlərin parçalanmasına gətirib çıxarıb. Halbuki, onlar əsrlər boyu bir-biri ilə sıx əlaqədə olublar. Meşələrin qırılması və iri çaylarda bəndlərin tikilməsi bu yerlərdə canlıların həyatına mənfi təsir göstərir. Həmin proses heyvanların nəslinin kəsilməsinə və böyük ərazilərin çölə çevrilməsinə gətirib çıxara bilər.
Hazırda alimlər ekoloji əlaqələrin qorunub saxlanılması və ya ekosistemlər arasında körpülərin bərpa olunması üzrə dəniz qoruqlarından tutmuş vəhşi təbiət “dəhlizlərinədək” bioloji müxtəlifliyi qorumağa imkan verən yeni metodlar təklif edilər.
Əbədi buzlaqların əriməsi. Qlobal istiləşmə əbədi buzlaqların əriməsinə səbəb olur. Onlar şimal yarımkürəsinin böyük ərazisini əhatə edir. Ərimə nəticəsində ərazinin sərt səthi mayeyə çevrilir. Bu prosesin yüksək templəri alimləri çox narahat edir. Çünki, sürətli ərimə prosesi istər ətraf mühitə, istərsə də məhv olmaq təhlükəsi ilə üzləşən infrastruktur obyektlərinə ciddi təhlükə törədir.
Əbədi buzlaqların əriməsi zamanı yüz min illər ərzində buzlaşmış ərazilərdə böyük həcmdə maddələr azad olur. Belə ki, bitki və heyvan qalıqları çürüməyə başlayır, atmosferə metan və karbon qazları buraxılır. Bu, öz növbəsində, qlobal istiləşmə prosesini daha da sürətləndirir, qapalı dairə yaranır.
Azot çirklənməsi. Təbiətdə azot bolluğu mövcuddur və bu maddə əsasən ətraf mühitə və insanlara müsbət təsir göstərir. Lakin insan fəaliyyəti azot silsiləsinin dəyişməsinə səbəb olub və son nəticədə bu maddənin həddindən artıq yüksək miqdarı bütün canlı aləm üçün təhlükə yaradıb. Azot turşusu, məsələn, havaya buraxılan qaz şəklində olan forması karbon qazından 300 dəfə daha təhlükəlidir. Bu birləşmə havanın tərkibini, torpağı, suyu olduqca korlayır və ozon qatını dağıdır.
Azot silsiləsinin dayanıqlı, iqtisadi cəhətdən sərfəli və ətraf mühit üçün zərərsiz olması məqsədilə beynəlxalq əməkdaşlıq şəraitində səylər göstərilməlidir.
İqlim dəyişikliyinə adaptasiya olunmaq qabiliyyətinin azalması. Təkamül prosesi orqanizmləri ətraf mühitin dəyişməsinə adaptasiya qabiliyyətindən asılıdır. UNEP əmindir ki, iqlim dəyişməsi məsələsində qəbul olunan qərarlar qlobal və uzunmüddətli xarakter daşımalıdır. Ən başlıcası, ekspertlərin göstərdikləri kimi, məsələnin həlli görüntüsünü yaradan, əslində isə bir müddət sonra yenidən bərpa olunmaq məcburiyyəti hiss edilən müvəqqəti tədbirlərdən qaçmaqdır.
Məsələn, 2050-ci ildə dünyada 5,7 milyard insan içməli su qıtlığı ilə üzləşəcək. Bir çox ölkələr bu tendensiya ilə əlaqədar yeraltı suları kəşf edir, istehlakı azaldır və dəniz suyunu şirinləşdirirlər. Bu tədbirlər, alimlərin də qeyd etdikləri kimi, uzaq perspektivdə özünü doğrultmur. Mütəxəssislər bunun əvəzinə yağış sularının istifadə olunması metodlarını tətbiq etməyi və çirkli suları təmizləməyi tövsiyə edirlər.
Problemin müsbət həlini istəyən, lakin pis nəticə əldə edilən daha bir misal çəkmək olar. Alimlər ABŞ-da dağıdıcı “Katrina” qasırğasından sonra Yeni Orlean ştatının ətrafındakı böyük ərazidə və digər zərərçəkən rayonlarda bufer rolu oynayacaq və gələcək daşqınlardan qoruyacaq yaşıl zona yaratmağı təklif edirdilər. Bunun nəticəsində böyük insan kütləsi - əsasən aztəminatlı Afrika mənşəli amerikalıları köçürmək lazım gələcəkdi. Hakimiyyət bu ideyadan imtina etməli oldu. On il sonra aparılan tədqiqatın nəticələrinə görə, bu ərazidə yaşayan yoxsul sakinlər onların cüzi əmlakını məhv edən qasırğadan sonra özlərini gələ bilməyib və bir çoxu ABŞ-ın digər bölgələrinə köçməyə məcbur olublar.