Azərbaycanın Milli Qəhrəmanı Fazil Umud oğlu Mehdiyev 22 avqust 1966-cı ildə Ağdam rayonunun Ələçi kəndində anadan olub. Uşaqlıq illərində ailəsi ilə birlikdə Abdal-Gülabı kəndinə köçən Fazil, 1973-cü ildə burada məktəbə başlayıb və 1983-cü ildə təhsilini başa vurub.
1984-1986-cı illərdə Sovet Ordusunda hərbi xidmət keçən Fazil Mehdiyev, xidmətini Rusiyanın Sverdlovsk şəhərində nümunəvi şəkildə tamamlayaraq vətənə qayıdıb. Bir müddət Rusiyada işləsə də, daha sonra Azərbaycana dönərək sürücülük fəaliyyəti ilə məşğul olub.
1990-cı ildən etibarən, Ermənistan silahlı qüvvələrinin mülki avtobuslara hücum etdiyi dövrdə, Fazil Mehdiyev silaha sarılaraq Ağdam Rayon Daxili İşlər Şöbəsi nəzdində yaradılmış polis batalyonuna qoşulub. 1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı və Sırxavənd kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Qaradağlı kəndində gedən döyüşlər zamanı ayağından yaralansa da, bunu ailəsinə bildirməyərək sağalan kimi döyüş meydanına qayıdıb.
Həmin ilin avqust ayında ermənilərə məxsus “Niva” markalı avtomobili ələ keçirərək Ağdam Rayon Polis Şöbəsinə təhvil verib. 23 sentyabr 1991-ci il tarixində isə Abdal-Gülabı kəndinə edilən erməni hücumu barədə xəbər alan Fazil, döyüş yoldaşı ilə birlikdə hadisə yerinə yollanıb. Yolda düşmən pusqusuna düşən Fazil qeyri-bərabər döyüşə girərək son nəfəsinə qədər vuruşub və qəhrəmancasına şəhid olub.
Fazil Mehdiyev Ağdam rayonunun "Qarağacı" qəbiristanlığında dəfn edilib. Onun göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Fazil Umud oğlu Mehdiyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi