Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələrinin görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Martın 9-da Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələri əməkdaşlarının görüşü keçirilib. Görüşdə fəaliyyətin yeni tələblər səviyyəsində qurulması məsələləri müzakirə edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişlndirilməsi istiqamətində təkliflər verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Təhminə Babayeva muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının 2018-ci il və bu ilin ötən dövründəki fəaliyyəti barədə məlumat verərək deyib ki, qeyd olunan dövrdə mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin “Şərq qapısı” qəzetində, eləcə də şəhər və rayon qəzetlərində 2431 materialı dərc olunub. Teleradiolarda 2595 veriliş və xəbər süjeti hazırlanıb, müxtəlif sosial şəbəkələrdə 5082 material yerləşdirilib. Aparılan təhlillər onu göstərir ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin, “Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuatla əlaqəsi zəif qurulub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət Miqrasiya Xidməti, “Naxçıvanqaz” İstehsalat Birliyinin rəsmi internet saytlarında təşkilatların fəaliyyəti ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafını, tarixi-mədəni irsini və turizm potensialını əks etdirən fotoşəkillər və videolar yerləşdirilərək fəal təbliğat işi aparılır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar, Ədliyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Energetika Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytları lazımı texniki imkanlara malik deyillər. Bu da həmin saytlar üzərindən istənilən səviyyədə  informasiya-məlumatlandırma işi aparmağı məhdudlaşdırır.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova və Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov tədbirdə çıxış edərək mərkəzi icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya-məlumatlandırma işinin təşkili barədə aparılmış monitorinq nəticələrini və yol verilən nöqsanları diqqətə çatdırıblar.

İqtisadiyyat nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Çinarə Balayeva və İnsan Hüquqları üzrə Müvəkkil Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi  Rəşid Talıbov təmsil etdikləri qurumların mətbuat və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyəti barədə danışıblar.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli mətbuat xidmətləri ilə teleradio və qəzetlər arasında əməkdaşlığın qurulmasında yol verilən nöqsanlardan geniş bəhs ediblər.

Qarşlıqlı fəaliyyətin təşkili ilə bağlı məsələlərə toxunan Sahil Tahirli deyib ki, Ali Məclis Sədrinin tapşırığı ilə keçirilən ardıcıl tədbirlərdən sonra 2018-2019-cu illərdə mətbuat xidmətlərinin Naxçıvan teleradiosu, eləcə də “Nuhçıxan” informasiya agentliyi ilə əməkdaşlığı genişlənib. Naxçıvan televiziya və radiosunun onlayn yayımı, “Nuhçıxan” informasiya agentliyinin geniş izləyici auditoriyasına sahib olması imkan verir ki, muxtar respublikaya aid  informasiyalar, tematik və tanıtım materialları, video və veb informasiyalar daha geniş auditoriyaya çatdırılsın.

Sahil Tahirli deyib ki, bu işdə mətbuat xidmətlərinin də üzərinə mühüm vəzifələr düşür. Lakin mövcud vəziyyətin təhlili onu göstərir ki, dövlət orqanlarının mətbuat xidməti əməkdaşları informasiyaların operativ yayılmasında əksər hallarda gecikir, press-relizlərin hazırlanmasında peşəkarlıq göstərmirlər. Sosial şəbəkələrdə də iş zəif qurulub. Naxçıvan televiziyasında Muxtar respublikanın mədəniyyətini, tarixini, müasir həyatını və turizm potensialını əks etdirən yüzlərlə film və videoçarx hazırlansa da mətbuat xidməti əməkdaşları onların paylaşımı və təbliğində iştirak etmirlər. Onların ölkə mediası, qəzet və saytlarla da əlaqələri zəifdir. Mətbuat xidməti əməkdaşların ictimai əhəmiyyət kəsb edən mövzularda fərdi jurnalist yazılarına nə Naxçıvan, nə də ölkə  mediasında demək olar ki, rast gəlinmir.  Komitə sədri deyib ki, bu istiqamətdə fəaliyyətin əhatəli təşkilinə ciddi ehtiyac var. Jurnalistlərimizin sərbəst fəaliyyəti üçün Naxçıvanda yaradılan şərait lazımınca dəyərləndirilməli, İnformasiya resursları tam gücü ilə hərəkətdə olmalıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığına uyğun olaraq muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşları ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşünün keçirilməsi bu sahədə fəaliyyətin gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən dövrdəki fəaliyyəti təhlil edilərkən aydın olur ki, bəzi mətbuat xidmətləri işini tələb olunan səviyyədə qurmur. Təşkilatların fəaliyyəti, xüsusilə aid sahələr üzrə həyata keçirilən dövlət siyasətinin mahiyyəti barədə analitik materiallar hazırlanmır, təhlil və müqayisələr aparılmır.

Mətbuat xidmətləri ölkə Prezidenti və Ali Məclisin Sədri tərəfindən qəbul olunmuş dövlət proqramlarının icra vəziyyəti barədə məqalələr işləməli, kütləvi informasiya vasitələrindən daxil olan sorğuları operativ formada araşdırmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə cavablandırmalıdırlar. Texniki cəhətdən informasiya-məlumatlandırma işinin təşkilinə imkan verməyən mərkəzi icra hakimiyyəti orqanlarının saytları yenilənməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Energetika Xidmətinin mətbuat xidmətlərinin fəaliyyətində dönüş yaradılmalıdır. Teleradio və qəzetlərin əməkdaşları araşdırma apardıqları mövzu ilə bağlı sorğuları aydın, əhatəli və peşəkar formada təqdim etməli, həmin informasiyalar yayılarkən mətbuat xidmətlərinə istinad olunmalıdır.

Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şirəlizadə, Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri Zəkəriyyə Gözəlov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Dövlət Teleradiosunun baş redaktorları Ruhiyyə Rəsulova, Ariz Cəfərov, Ramal Məmişov və Aysel Əliyeva  əməkdaşlıqla bağlı təkliflərini verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Diskussiya şəraitində keçən tədbirdə mətbuat xidməti  və kütləvi informasiya vasitələri əməkdaşları fəaliyyətin yeni tələblər səviyyəsində qurulması ilə əlaqədar təkliflər veriblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: