“ASAN” könüllülər elektrobusların fəaliyyəti ilə tanış olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı əsasında “ASAN” könüllüləri “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” Publik Hüquqi Şəxsində olublar. Könüllülər burada fəaliyyət göstərən elektrobusların iş prinsipi ilə yaxından tanış ediliblər.
Agentliyin əməkdaşı İman Adıgözəlov qonaqlara elektrikdoldurma məntəqələri, şarj prosesi, avtobusların iş qrafiki, texniki baxış sistemi və ekoloji üstünlükləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda Naxçıvanda ictimai nəqliyyat parkının 16 faizi elektrik mühərrikli avtobuslardan ibarətdir. Müasir standartlara cavab verən bu nəqliyyat vasitələri sərnişinlərin rahatlığı üçün soyutma və isitmə sistemi ilə təchiz edilib.
Elektrobusların enerji təminatı üçün 150 kVt gücündə üç ədəd şarj cihazı quraşdırılıb. İki çıxışlı bu cihazlar eyni anda iki elektrobusa xidmət göstərə və ya hər iki çıxış bir avtobusa qoşularaq sürətli şarj imkanı yarada bilər. Şarj aparatlarının fasiləsiz işləməsi üçün soyutma sistemlərinin mütəmadi təmizlənməsinin vacibliyi də vurğulanıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, yaxın vaxtlarda Naxçıvana əlavə 60 elektrobus gətiriləcək. Bununla da şəhərdaxili sərnişindaşıma üzrə fəaliyyət göstərən marşrut xətti tamamilə elektrik mühərrikli nəqliyyat vasitələri ilə təmin olunacaq. Bu addım həm ekoloji mühitin qorunmasına, həm də sərnişinlərin təhlükəsiz və komfortlu daşınmasına xidmət edəcək.
Sonda könüllülərin sualları cavablandırılıb.