Sülh istəyirsənsə…

A- A A+

Sülh şəraitində yaşamaq qədimdən günümüzədək bəşəriyyətin təməl arzusu olub. Yaşadığımız coğrafi məkan elə strateji yerdə yerləşir ki,  Azərbaycan xalqı əsrlər boyu müharibələrdən əziyyət çəkib. Bu müharibələrdə xalqımız varlığını qoruyub saxlamaqla yanaşı, Vətənini müdafiəni də həmişə ön planda saxlayıb. Xalqımızın tarixin dərinliklərindən süzülüb gələn insanpərvərlik xüsusiyyəti sülhsevərliyi özündə ehtiva edir.

Məhz latınca bir atalar sözü olan “Sülh istəyirsənsə, müharibəyə hazır ol” ifadəsi Azərbaycanımızın bu günkü mənzərəsini nümayiş etdirir desək yanılmarıq. Çünki, bu şüar sülhü təmin etməyin ən effektiv yolu olduğu ideyasını vurğulayır,  Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə nail olunması istiqamətində qətiyyətini və xarici müdaxilələrə qarşı çıxışını əks etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya miqayasında əməkdaşlığı daha da dərinləşdirməsi regional sülhə və təhlükəsizliyə töhfə verir. Vaşinqton görüşündə əldə edilən nəticə Azərbaycanın sülhə doğru qətiyyətli mövqeyini bir daha nümayiş etdirib. Avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündə dediyi kimi: “Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr bizə qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu”. 

Cənab Prezident çıxışında xalqımızın ləyaqətindən, dövlətimizin bu günkü qüdrətindən də danışıb. “Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün”- deməklə çirkin niyyətli düşməndən fərqli olaraq, öz torpağımızda ləyaqətlə döyüşdüyümüzü fəxrlə qeyd edib. Ölkə başçısı çıxışında onu da bildirib ki, “Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək”.

Müzəffər Ali Baş Komandanımız bu tarixi nitqində istər 44 günlük Vətən müharibəsində və istərsə də 23 saatlıq antiterror tədbirlərində Silahlı Qüvvələrimizin mənsublarının hərbçi şərəfi ilə döyüş meydanında şücaət göstərdiyini, təkcə hərbi hədəfləri məhv etdiklərini diqqətə çatdırıb. Ölkə başçısının səsləndirdiyi fikirlərdə xalqımızın başına gətirilən bəlalar, Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında qazandığı tam və qətiyyətli qələbə, ölkəmizin bu günkü qüdrəti və bütün bunlara baxmayaraq bölgədə sülh istəyi bir xalqın üstün keyfiyyətlərindən xəbər verir. Prezidentimizin dediyi kimi: “Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Bu gün Azərbaycanın qətiyyəti, hərbi və diplomatik uğurları sülhün əhəmiyyətini bir daha gündəmə gətirir. Deməli, dünyada baş verən proseslər fonunda biz də sülh istəyiriksə gələcəyimizi möhkəm təməllər üzərində qurmalıyıq. Necə ki, qururuq da. Bizim işimiz quruculuqdur – deyən ölkə başçımızın vurğuladığı kimi “Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni, Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.

Bir sözlə, keçmişdən dərs almaqla sülh üçün mübarizə aparıldığını dərk etmək və “Sülh istəyirsənsə, müharibəyə hazır ol” ifadəsini unutmamaq lazımdır. Dövlət başçısının çıxışında cəmi bir məqama nəzər salmaqla görürük ki, münaqişələrdən cana doymuş Cənubi Qafqazda artıq yeni dönəm-sülh dövrü başlayır. Sülhün təşəbbüskarı qüdrətli Azərbaycan, memarı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: