Kartof əkini davam edir

A- A A+

Əkinçilik məhsullarına olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərin muxtar respublikamızda davamlı xarakter alması yerli istehsalın xüsusi çəkisinin xeyli artmasına şərait yaradıb. Bu, həm də daha çox istifadə olunan ərzaq məhsullarının muxtar respublikaya idxalının qarşısını alıb.

Gündəlik istifadə etdiyimiz əsas bitkiçilik məhsulları istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikamızın bütün bölgələrində, eləcə də ən böyük aqrar rayon hesab edilən Şərurda bu sahədə hər il uğurlu göstəricilərə nail olunur.

Kənd əməkçiləri göstərilən dövlət qayğısı, həmçinin ilbəil qazandıqları təcrübələr nəticəsində hektardan əldə olunan məhsulun intensiv artımına nail olurlar. Təkcə ötən il əkilmiş 1.076 hektar sahədən 16 min 357 ton kartof istehsal edilib. Qeyd edək ki, əldə edilən yüksək nailiyyətlərdə məhsuldar toxum sortlarından istifadə də mühüm rol oynayır və bu istiqamətdə əkinçilərə hərtərəfli köməklik göstərilir.

Qazanılan uğurlardan ruhlanan rayonun torpaq mülkiyyətçiləri bu mövsümdə də kartof əkinini aqrotexniki tələblərə uyğun və optimal müddətdə başa çatdırmağa çalışırlar. Kartof əkiləcək sahələrdə hələ ötən ilin payızında lazımi dərinlikdə şum qaldırılıb, şumdan əvvəl sahələr üzvi gübrələrlə zənginləşdirilib.

Artıq Şərurda növbəti ilin məhsulu üçün kartof əkininə başlanıb. Əkin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün əvvəlcədən həyata keçirilmiş tədbirlər belə deməyə əsas verir ki, bu il də Şərur kartofçularının zəhməti hədər getməyəcək, sahələrdə bol və keyfiyyətli məhsul yetişdiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: