Dörd çərşənbədən biri-Yel çərşənbəsi

A- A A+

Uzun illərdən bəri xalqımızın məişətində, mədəniyyətində, həyat tərzində bir çox adət-ənənələr yaranıb və dərin kök salıb. Kökü tarixi keçmişimizlə bağlı olan Novruz bayramı da elimizin-obamızın qədim bayramlarından biridir. Novruz təzə gün, təzə ay, təzə il deməkdir. Bu bayramın kökləri qədim dövrlərə gedib çıxır. Ta qədimdən üzü bəri xalqımız ilaxır çərşənbəsinədək təbiətin dörd ünsürünü- Su, Torpaq, Yel, Od adları ilə bağlı çərşənbələri ayrı-ayrılıqda təntənə ilə qeyd edir.

Qarşıdan Yel çərşənbəsi gəlir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” kimi adlarla tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək artıq oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır. Novruzda icra edilən “Yel baba” mərasimi olduqca maraqlıdır:

            A Yel baba, Yel baba

           Tez gəl baba, gəl baba.

           Sovur bizim xırmanı,

           Atına ver samanı.

           Dən dağılıb dağ olsun,

           Yel babamız sağ olsun.

Yel baba xırmana gəlməmiş oradan buğda götürməzlər. Yel çərşənbəsi gecəsi söyüd ağacının altında dayanıb niyyət edir və Yel babanı çağırırlar. Əgər Yel baba sənin səsini eşidib güclü əssə, diləyin yerinə yetər. 

Folklorşünasların fikrincə, əski etiqadlarda qeyd edilib ki, torpağın altında- “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel-ağ, qara yel-qara, xəzri-göy, gilavar-qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Həmin gün tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər cəvizi, fındığı ləpələyib şirniyyat hazırlamaq tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Qarşıdan gələn Yel çərşənbəniz mübarək, ömrünüz uzun, arzularınız çin olsun!

         “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: