Səməni-bahar gözəli, yaz pərisi

A- A A+

Novruz bayramının əlamətlərindən biri də səmənidir. Səməni bolluq-bərəkət rəmzi kimi xalqımızın düşüncəsində mühüm yer tutur. O, təbiətin oyanışını və yazın gəlişini özündə təcəssüm etdirir. Səməninin il təhvil olunanda bayram süfrəsinə qoyulması təbiətin canlanmasından xəbər verir.

Səməni həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. “Səməni, saxla məni, ildə göyərdərəm səni”, deyən ulularımız ta qədim zamanlardan onu yazın başlaması, təbiətin yenidən canlanması kimi qiymətləndiriblər.

Səməni haqqında Şahbuz rayonunun Güney Qışlaq kənd sakini 83 yaşlı Qızbəsti nənə deyir ki, yurdumuzda hələ lap qədim dövrlərdən evlərdə səməni cücərtmək adət olub. Bu adət-ənənəyə görə səməni buğdanın, qara mərciməyin, noxudun islağa qoyulması ilə cücərdilir. Mən isə  uzun illərdir ki, əsasən yerli toxumluq buğdadan səməni cücərdirəm. Səməni hər il mart ayında, əsasən, ilk  iki çərşənbədən sonra, Novruz bayramı ərəfəsində göyərdilir. Belə bir deyim də var ki, sini qabda göyərdilən səməni yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu, o deməkdir ki, məhsul bol olacaq.

Kənddə indi elə bir ev tapmaq olmaz ki, səməni göyərdilməsin. Hamı bilir ki, bayram süfrəsi nemətləri arasında səməni  mütləq olmalıdır. Özü də səməni yalnız evdə hazırlanmalıdır. Bu, çox sadə və olduqca da diqqət tələb edən bir işdir. Səməni hazırlamaq üçün əvvəlcə  buğdanı təmizləyib, iki-üç gün suda saxlayırıq, bu vaxt ərzində buğda şişir. Sonra onu sudan çıxarıb dəsmalın üstünə səririk ki, suyu çəkilsin. Suyu çəkildikdən sonra buğdanı qaba töküb, üzərinə isladılmış tənzif səririk. Onu günəş şüaları düşən yerdə saxlayırıq. Tənzif buğda göyərənə qədər yaş qalmalıdır, elə ki, buğda göyərdi tənzifi götürürük. Səməninin suyunu elə verməliyik ki, su yığışıb qabda qalmasın. Bunun üçün gündə bir dəfə az-az su çiləsək,  daha yaxşı olar.

Nənə onu da deməyi özünə borc bildi ki, səməninin saxlanma müddəti başa çatdıqda, yəni, artıq qurumağa, saralmağa başladıqda onu natəmiz və başqa yerlərə atmaq günah sayılır. Bu müqəddəslik, bərəkət rəmzi ancaq axar suya atılmalıdır. Çünki su təmizlik, saflıq, yaşamaq rəmzidir.

Qızbəsti nənə Səməni halvası haqqında da məlumat verdi. Səməni halvasını bişirmək çətin olduğundan onu hər adamın bişirməyə səbri çatmaz.  Bu halvanı başqa şirniyyatlardan fərqləndirən əsas xüsusiyyət onun təbii məhsullardan hazırlanmasıdır. Halvanın hazırlanması üçün yüksək keyfiyyətli buğda götürülür. Buğda təmizlənir, yuyulur və ilıq suya qoyulur. Suya qoyulmuş buğdanın suyunu tez-tez dəyişdiririk ki, suda qalıb iylənməsin. Bir-iki gün belə yuduqdan sonra, buğda yaş torbanın içərisinə tökülür, yeddi gün saxlanılır. Səməninin cücərtiləri sarımtıl rəngdə olduqda, bilirik ki, o səməni halvasının bişirilməsi üçün hazırdır. Onu taxtadan olan tabaqda yaxşıca döyəcləyirik, əldə etdiyimiz şirəsini tənzifdən keçirib, üzərinə un tökərək, xəmir yoğururuq. Hazırladığımız xəmiri yekə mis qazana tökürük. Halvanı qarışdırmaq üçün möhkəm dəstəyi və iti ucu olan ərsin adlı mis əşyadan istifadə edirik. Halvanın ərsəyə gəlməsində ərsinin olması əsas şərtdir. Çünki halva çox uzun müddətə əmələ gəlir və ərsin olmasa,  iş ləngiyər. Halva yanmasın deyə,  dayanmadan qarışdırılır, ara-sıra xəmirə evimizdə hazırladığımız kənd yağından da vururuq. Bişirilmə müddəti 6 saata yaxın çəkə bilər. Elə ki, xəmir qəhvəyi rəngə çaldı,  demək halva bişib. Hazır olduqdan sonra ona tut doşabı, doğranmış qoz ləpəsi və ədviyyə vurulur. Yaxşıca qarışdırdıqdan sonra halva qoğal formasına salınaraq açıq yerə sərilir və bəzək kimi  ortasına qoz ləpəsi qoyulur. Çox həvəslə hər il bu halvanı bişirməkdən zövq alırıq. Kəndin camaatı buna xeyir, ruzi-bərəkət gətirən bir amil kimi baxır.

                 “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: