1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində doğulan Fikrət Qoca ədəbiyyata erkən yaşlardan maraq göstərmiş, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Əsərləri 1956-cı ildən mətbuatda çap olunur. O, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında çalışmış, Yazıçılar Birliyində məsul katib və birinci katib vəzifələrində fəaliyyət göstərmişdir.
Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrə söykənərək çağdaş dövrün ictimai-siyasi problemlərini, vətən sevgisini, milli dəyərləri və insan-zaman münasibətlərini bədii şəkildə ifadə etmişdir. Şairin poeziyasında Vətənə sonsuz sevgi, şəhidlərə ehtiram, xalqımızın qəhrəmanlıq tarixi və təbiət gözəllikləri əsas mövzulardandır. Əsərləri oxucunu milli düşüncəyə və vətənpərvərliyə səsləyir.
Onun “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” poemalarında 1990-cı illərin azadlıq hərəkatı, “Ölüm ayrılıq deyil”, “Hələlik – qiyamətədək” povestlərində isə 20 Yanvar faciəsi əksini tapmışdır. Fikrət Qoca həmçinin Ernesto Çe Gevara, Amilkar Kabral, Xose Risal kimi dünya azadlıq simalarına həsr olunmuş poemaların müəllifidir. O, bir sıra tanınmış yazıçı və şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş, özü də müxtəlif dillərə tərcümə olunmuşdur.
Şeirlərinə bəstələnmiş mahnılar (“Könlüm”, “Gəl ey səhər”, “Payız gəldi” və s.) geniş auditoriya tərəfindən sevilir. “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə Azərbaycan Komsomolu mükafatı (1968), sonrakı illərdə isə “Humay” mükafatı (1998) ilə təltif olunmuşdur. O, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenlərinə, Dövlət Mükafatına və Prezidentin Fəxri Diplomuna layiq görülmüşdür.
Şairin “Qağayı”, “Hamıya borcluyam”, “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Ömürdən səhifələr”, “Sükutun səsi” və digər kitabları oxucuların rəğbətini qazanmışdır. Onun yaradıcılığında ənənə və novatorluq vəhdət təşkil edir. Heca vəznində yazsa da, sərbəst və səmimi ifadə tərzi ilə seçilir.
Fikrət Qoca 2021-ci il mayın 5-də, 85 yaşında vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi