1930-cu il avqustun 8-də təşkil edilən və 1992-ci il mayın 18-də Ermənistanın işğalına məruz qalan Laçın rayonu tarixi keçmişi zəngin olan bir ərazidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyulmasından sonra, 2020-ci il dekabrın 1-də Laçın rayonundan Ermənistan ordusunun qalıqları çıxarıldı.
Eyniadlı rayonun mərkəzi olan Laçın şəhəri dağlıq ərazidə, Ermənistanla sərhədə yaxın, işğal illərində narahatlıqla xatırladığımız Laçın dəhlizinin mərkəzində yerləşir. Bu coğrafi mövqe Laçını bütün region üçün nəzarət və keçid nöqtəsinə çevirir. Azərbaycan üçün Laçının geri qaytarılması həm suverenliyin bərpası, həm də təhlükəsizliyin təmin edilməsi baxımından həyati əhəmiyyət daşıyırdı.
2022-ci ilin avqustunda Azərbaycan Ordusunun Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri də daxil olmaqla, Laçın dəhlizinə nəzarəti tam bərpa etməsi Azərbaycanın ərazi bütövlüyü baxımından mühüm bir hadisə oldu. Bu, Rusiya sülhməramlılarının dəhliz üzərindəki nəzarətinin sona çatması demək idi. Çünki, bu əraziyə nəzarət bütün regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır. Laçın şəhərinin və dəhlizinin tam nəzarətdə olması regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. Bu, həm Azərbaycanın öz sərhədlərini qorumaq, həm də bölgədə uzunmüddətli sülhə töhfə vermək məqsədlərinə xidmət edir.
Prezident İlham Əliyev rayonun strateji əhəmiyyətindən danışarkən deyib: “Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur”.
Bu gün yenidən dirçələn Laçın şəhəri doğma sakinlərini öz qoynuna alır. Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində Laçın şəhəri günü təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun 2022-ci ilin avqustun 26-da Laçın şəhərində yerləşməsi ilə əlaqədardır.
Erməni vandalizminə məruz qalan Laçın artıq özünün yeni inkişaf dövrünə qədəm qoyub. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri keyfiyyətlə aparılır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq Laçın şəhərinə də məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. Laçının inkişafı Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etməsi, iqtisadi inkişafı dəstəkləməsi və regionda dayanıqlı sülhə nail olması istiqamətində atılmış ən vacib addımlardan biridir. Beləliklə də ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.
Təsadüfi deyil ki, bu il 28 may müstəqillik günündə yenidən qurulan Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin görüşdə Prezident İlham Əliyev deyib: “Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq”.
Bir sözlə, Laçın həm də yüksək səviyyəli tədbirlərin keçirildiyi ünvana çevrilib. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
Nəriman Nəcəfov