Eymə, tuluq, dağarcıq, motal, çarıq min illər boyu məişətimizdə geniş yer tutub - FOTOLAR
Min illər boyu insanlar ev heyvanlarının ət və südü ilə yanaşı, onların dərisindən də məişətdə istifadə etmişlər. Bunun üçün heyvanın dərisini xüsusi üsulla soyar, lazım gəldikdə aşılayar və müxtəlif məişət əşyaları hazırlayardılar. Onların bəziləri haqqında oxucularımıza da məlumat vermək istərdik.
Eymə. Düzəldilməsi üçün bir çox şərtlərə əməl edilməli idi. Eymə erkək heyvanların, övəc, sibir (Boyəhməd kəndində, əsasən, sarı və qara sibir dərisi seçərdilər) dərisindən düzəldilərdi. Eymə üçün həm də “qızıl heyvan”ın dərisindən istifadə edilərdi (Yaşlı adamlar Naxçıvanın aborogen qoyun sortu olan balbasa “qızıl heyvan” da deyərdilər). Eymə üçün istifadə ediləcək dəri bütöv soyulardı. Dərini heyvanın qarın nahiyəsinin aşağı hissəsindən açar, corab kimi çevirərək bütöv çıxarardılar. Soyan zaman çalışardılar ki, dəri kəsilib zay olmasın, ona görə də dərinin çox hissəsini yumruq və barmaqla soyardılar. Soyulmuş dərini isti-isti büküb 25-30 dərəcədə saxlayar, vaxtaşırı tükünün yolunub, yolunmamasını yoxlayardılar. Bu yolla dərinin tükü asanlıqla yoluna bildikdən sonra arpa unundan horra hazırlayardılar. Daha sonra duz və zəy əlavə edərdilər. Horrada saxlanılan dərini ovub yumşaldar, ilıq suda yuyub təmizləyər və qurudardılar. Bəzi bölgələrdə eyməni qurutmazdan əvvəl bir müddət həmərsin, bəzi bölgələrdə isə palıd ağacının suyunda saxlayardılar. Bu cür aşılanmış dəri “pilə” (ipək kimi yumşaq) olardı. Dərini soyan zaman həmin heyvanın qollarını dibdən kəsərdilər. Aşılanmış dərinin qollarının yerini və qarın nahiyəsindən aşağısını bərk iplə (kirişlə) sırıyıb tikərdilər. Boğaz hissəsinə halqa məftil, olmadıqda şüy çubuq qoyub tikərdilər ki, ağız kimi istifadə etmək asan olsun.
Eymədən qatıq saxlamaq üçün istifadə edilərdi. Adətən, ailələrdə hər gün istifadə edilən qatığın artığını eyməyə tökərdilər. Əvvəllər soyuducu olmadığı üçün qatığı bir gündən artıq saxlamaq mümkün deyildi. Eymədəki qatığa duz da atılardı. Eyməni sal daşın, taxtadan hazırlanmış döşəmənin üzərinə qoyardılar ki, suyu süzsün.
Eymənin üzəri vaxtaşırı yuyulub təmizlənər, sonra isə duzlanardı. Əks halda həşəratlar eymənin üzərinə qurd salardı. Ümumiyyətlə, eyməni təmiz saxlamaq heç də asan iş deyildi. Təmizliyə əməl olunmadıqda, eymədəki şor-kərə yeməli olmazdı. Eyməyə töküb saxlanan qatığa “qara qatıq” deyərdilər. Qatıq qalıb “dəyməli” idi ki, yağı asan ayrılsın. Eymədəki qatığı nehrəyə tökər, üstünə bir qədər ilıq su əlavə edib qarışdırardılar. Həmin qarışığı nehrədə çalxaladıqca kərə ilə ayran ayrılmağa başlardı. Böyük mollanəsrəddinçi satirik şair Mirzə Ələkbər Sabir də şeirlərindən birində bunu belə təsvir edir:
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!
Nehrədə çalxanan qatığın yağı yaxşı ayrılmayanda üstünə mümkün qədər soyuq su tökərdilər. Çalxanmış qarışığı geniş qaba boşaldar, üzərindəki yağı əl ilə bir yerə toplayardılar. Alınmış ayranı içər, çürüdüb şor düzəldər, yaxud da qurut hazırlamaq üçün istifadə edərdilər. Adətən, su qatılmış qatığa ayran deyilsə də, əslində, bu cür hazırlanan içki ayran yox, atlamadır. Qatıq çalxamaq üçün istifadə olunan nehrələr isə müxtəlif olurdu: ağac və ya asma nehrələr, küpətipli nehrələr və tuluq nehrələr.
Onu da qeyd edək ki, Babək rayonunun Sirab kəndində Eneolit dövrünə aid Şorsu təpəsi abidəsində bir neçə yerdə eymələri saxlamaq üçün keramika parçalarından düzülərək hazırlanmış yerlərə rast gəlinir. Görünür ki, insanlar eymədən hələ Eneolit dövründə istifadə ediblər.
Tuluq. Onun da hazırlanması eymə kimidir. Sadəcə, tuluq hazırlamaq üçün soyulan dərilərdə heyvanın qolları dibdən yox, dirsəkdən kəsilərdi ki, daşımaq asan olsun. Tuluq eyməyə nisbətən kiçik olurdu. Əsasən, soyuq içkiləri saxlamaq, daşımaq üçün istifadə edilərdi. Su, şərab, süd, ayran, bəkməz və sairəni də tuluqla daşıyardılar. Tuluqdan həm də nehrə kimi istifadə edilirdi. Tuluğu asan daşımaq, asıb nehrə kimi çalxamaq üçün tuluq ağacından istifadə edilirdi.
Dağar. Qaramal dərisindən tikilmiş torbadır. Bəzən döyüşçülər, yol gedənlər mal dərisindən tikilmiş darboğazlı torbada su daşıyardılar.
Dağarcıq. Adətən, qoyun, keçi dərisindən hazırlanırdı. Eymədən fərqli olaraq dağarcığın dərisi aşılanmırdı. Quru məhsulların – düyü, yarma, əriştə, noxud ləpəsi (Naxçıvan dialektində buna “müğəşşər” də deyirlər) saxlanılardı.
Dol. Mal dərisindən tikilən bu cür tuluqla quyulardan su, keçmiş zamanlarda neft çıxarmaq üçün istifadə edilirdi. Kankanlar da kəhriz qazılması, təmizlənməsi zamanı doldan istifadə edərdilər. Dolu quyudan dartıb çıxaran çarxa isə “dolab” deyilərdi.
Çarıq. 1950-ci illərə qədər geniş istifadə edilən, aşılanmış göndən hazırlanan ayaqqabı növü idi. Aşılanmış mal dərisi çarıq tikiləcək ölçüdə doğranardı. Həmin dəri ayağın ölçüsünə uyğun tərlik formasında kəsilərdi. Tərliyin kənarında dairəvi olaraq 4-5 santimetr aralı deşiklər açılardı. Göndən 3-4 millimetr enində “köşə” (uzun bağ) kəsilərdi. Tərliyin üzərində açılmış deşiklərin birindən köşənin bir ucu keçirilərdi. Sonra deşiklərdən növbə ilə köşənin birini o birinin üzərindən aşırmaqla keçirilərdi. Sonda köşələrin ucu düyünlənib artığı kəsilərdi. Köşə tərliyin kənarlarını yığıb ayaqqabı formasına salardı. Ucdan başlayaraq pəncənin üzərində ipdən xüsusi toxunmuş çarıqbağı – qaytan salınardı. Çarığı geyib-çıxaran zaman qaytanı bərkidib-boşaldardılar. Çarıq, adətən, patava (dolaq) və ya yundan toxunmuş corabla geyilərdi.
Motal. Dəridən hazırlanan məişət əşyalarından biri də motaldır. Bunun üçün qoyun dərisi bütöv soyulur, tükü yolunmadan aşılanır. Dərinin tüklü üzü içəri salınır. Ovulmuş pendir motalın içərisinə yığılıb duzlanır. Sərin yerə qoyulur və ya yerə basdırılır, motalda o qədər saxlanılır ki, pendir dəysin (yetişsin).
Müasir dövrdə ərzaq istehsalı və azuqənin uzun müddət saxlanıla bilməsi üçün kəndlərimizdə hər cür şərait var, kənd sakinlərinin hamısı müasir məişət texnologiyalarından istifadə imkanlarına malikdir. Bu şərait, istehsal olunan yeni qab-qacaq zamanla qədim məişət əşyalarını sıradan çıxarıb. Buna baxmayaraq, həmin əşyalar xalqımızın etnoqrafiyasından, yaşayış tərzindən, qədim məişətindən xəbər verir. Onların muzeylərimizdə nümayiş olunması, tanıdılması tariximizin, etnoqrafiyamızın təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.
Zaleh Novruzov