Onun əsərləri vətənə,torpağa sevgisinin ifadəsidir - FOTOLAR
Onun əsərləri onun haqqında çox söz deyir. İlk növbədə onun bir rəssam kimi istedad sahibi olduğunu göstərir. Deyirlər ki, incəsənət adamları, xüsusən rəssamlar digər insanlardan bir addım öndə olurlar. Ona görə ki, onların incə duyumu, dünyaya fərqli baxışları, yaradan əlləri var. Bu incəliklər zərif bir qadın dünyasında cəmləşəndə isə o zaman göz önündə sirli-sehrli bir tablo yaranır. Elə bir tablo ki, orada həmin rəssamın bütün ruhu, bütün varlığı əks olunur. Elə istedadlı rəssam Səriyyə Hüseynovanın tablosu kimi...
Səriyyə xanım 1978-ci il iyunun 2-də Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbi bitirib. 1993-1997-cu illərdə Bakı şəhər Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda təhsil alıb. 1997-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bakalavr pilləsini, 2013-2016-cı illərdə isə həmin ixtisas üzrə magistratura pilləsini bitirib. Səriyyə Hüseynova 2009-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət fənnini tədris edib. 2014-cü ildə Naxçıvan Rəssamlar Birliyinin üzvü seçilən Səriyyə xanım elə həmin ildən Naxçıvan Biznes Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Yaradıcılığı Emalatxanasında Dekorativ Tətbiqi Sənət şöbəsində fəaliyyət göstərib. 2015-ci ildə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. O, 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ilin yanvar ayından “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Filialının direktorudur.
Hər bir qadın kənardan çox zərif görünür. Lakin bütün qadınlar zərif olduğu qədər də güclüdür. Bu zərif qəhrəmanla söhbətimiz zamanı da onda mənəvi bir gücün, sənətə vurğunluğunun, milli dəyərlərimizəbağlılığının şahidi oldum. İncəsənətimizin inkişafında əlindən gələni əsirgəməyən Səriyyə xanımın yaratdığı hər bir dekorativ tətbiqi sənət nümunəsi, hər bir rəsm əsəri onun incəsənət vurğunu olduğunu təsdiqləyir. Ondan incəsənətimizin inkişafında sənət adamlarına göstərilən dövlət qayğısının nə dərəcədə rol oynadığını soruşduqda belə cavab verdi:
– Muxtar respublikamızda digər sahələrlə yanaşı, mədəniyyətin inkişafına da yüksək diqqət və qayğı var. Bu qayğı hər addımda hiss olunur. Qədim Naxçıvan torpağında sənətə, sənətkara hər zaman yüksək qiymət verilib, sənət adamlarına hörmət və ehtiram göstərilib. Bunu təkcə muxtar respublika sakinləri yox, buraya ölkə paytaxtından, digər bölgələrdən, xarici ölkələrdən gələn qonaqlar da etiraf edirlər. Bu gün Naxçıvan mədəniyyəti özünün inkişaf dövrünü yaşayır. Bu inkişafa öz töhfələrini verən rəssamlarımız da dövlət qayğısı ilə əhatə olunub. Bu qayğıya cavab olaraq sənət adamları səylə çalışır, daha yaxşı əsərlər yaratmağa səy göstərirlər. Muxtar respublikamızda istedadlı rəssamların əməyi də hər zaman yüksək qiymətləndirilir. Onlara fəxri adlar verilir, orden və medallara layiq görülürlər. Biz sənət adamları da bunun müqabilində daha yaxşı fəaliyyət göstərməyə çalışırıq.
– Səriyyə xanım, hər bir insanın formalaşmasında yaşadığı mühit böyük rol oynayır. Yəqin ki, sizin də həyatınıza, yaradıcılığınıza yaşadığınız mühitin özünəməxsus təsiri olmuşdur...
– Əlbəttə, insanı mühit yetişdirir. Biz Naxçıvanda böyümüşük və bu qədim torpağın təsiri altında sənətə gəlmişik. Möminə xatın möhtəşəmliyinin, Əcəmi memarlığının vətəni olan bir yerdə yaşayıb yaratmamaq mümkün deyil. Hər daşı, hər qayası milli irsimizi təcəssüm etdirən Naxçıvanımız insanı sirli-sehrli bir dünyaya səsləyir. Bizim xalqımız öz kökünə, tarixinə bağlı xalqdır. Bu bağlılığı hər bir insan öz sənətində, tutduğu yolda göstərməyə, təsdiqləməyə çalışır. Sənət adamları isə yaratdığı əsərlərdə bu bağlılığı daha qabarıq təcəssüm etdirirlər.
– Siz yaradıcılığınızda dekorativ tətbiqi sənətin bir neçə növündən istifadə edirsiniz. Fikrimcə, bu sizin yaradıcılıq diapazonunuzun genişliyini göstərir. Bu barədə nə deyə bilərsiz?
– Elə bir dövrdə yaşayırıq ki, açılan sabahlar yeniliklərlə bizi salamlayır. Bu yeniliklər, maraqlı üsullar bütün sənətkarlar kimi mənim də diqqətimi cəlb edir. Milli ornamentlərimizi, milli dəyərlərimizivitrajda, dəri və parça üzərində əks etdirdikcə sənətimdən zövq alıram. İnsan hər yaşda öyrənməli, hər yaşda özü üçün kiçik kəşflər etməlidir. Bu, yaradıcılıq aləmində zaman keçdikcə insanın öz dəsti-xəttinə çevrilir. Vitraj üslublu “Gerbimiz”, “Azərbaycan rəqqasları”, “Dədə Qorqud”, “Azərbaycan qadını” və bu kimi işlərim əslində müasirliklə qədimliyin sintezidir. Fikrimcə, hər bir rəsm əsəri, hər bir tablo xalqın tarixi, mədəniyyəti, coğrafiyası, keçdiyi yolu əks etdirməlidir. Biz sənət adamları da doğma diyarımızın əzəmətli dağlarından, yaşıl yamaclarından, büllur bulaqlarından, maddi-mədəni incilərindən, günü-gündən gözəlləşən şəhər və kəndlərimizinfüsunkarlığından zövq alaraq bütün bunları əsərlərimizdəəbədiləşdirməyə çalışırıq. Yaratdığım hər bir əsər bu mənada yurduma, torpağıma sevgimin ifadəsidir. Bu əsərlər mənim sevincim, kədərim, xalqıma sədaqətim, Vətənimə məhəbbətimdir.
– Səriyyə xanım, sizin 21 illik pedaqoji təcrübəniz var. Orta və ali təhsil ocaqlarında şagirdləriniz, tələbələriniz olub. Onlara həmişə nəyi tövsiyə etmisiniz?
– Mənim fikrimcə, ən çətin və ən şərəfli peşə müəllimlikdir. Bir elmi, bir fənni mükəmməl bilmək hələ müəllim olmaq demək deyil. Bir müəllim həm ana, həm psixoloq, həm də pedaqoq olmalıdır. Bizim gələcəyimiz gənclərin əlindədir. Onların necə formalaşması isə biz pedaqoqlardan asılıdır. Mən hər zaman şagirdlərimə, tələbələrimə böyük dəyərlərin, insani keyfiyyətlərin, mənəvi kamilliyin vətən sevgisindən başladığını təbliğ etməyə çalışmışam. Çünki bütün ali dəyərlər vətən, yurd, torpaq sevgisindən başlayır. Bu gün gənc rəssamlarımızın əsərlərində də bu sevgini hiss etmək mümkündür. Yaradılan nə varsa tarixdir. Bu günün tarixini biz necə yaradırıqsa elə də qalacaq. Bu gün bizim təhsil ocaqlarında gələcəyin sənətkarları yetişir. Dərs dediyim bu istedadların vətəninə, xalqına layiqli vətəndaş kimi yetişdiyindən əminəm.
– Səriyyə xanım, 2019-cu il elə ilk günlərdən sizə uğur gətirdi desək, yəqin ki, yanılmarıq. Sizə daha bir milli dəyərimizin qorunması, yaşadılması həvalə olundu, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Filialına direktor təyin edildiniz. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
– Əslində mənim sənət həyatımın bütün illəri uğurlu olub. Daim dövlət qayğısı ilə əhatə olunmuşam. Bunun üçün dövlətimizə minnətdaram. Mən ümumiyyətlə, Azərbaycan incəsənətinin vurğunuyam. Rəssamlıq da, xalçaçılıq da mənim mənəvi həyatımın ayrılmaz tərkib hissələridir. Xalça mənəvi bir sərvət kimi bizə nənələrimizdən miras qalıb. Onun hər ilməsində bu xalqın, bu millətin tərcümeyi-halı var. Onun hər bir naxışında bu xalqın mənəviyyatı gizlənir. Bəlkə də elə bu səbəbdən xalça bizim üçün bu qədər əzizdir.
Biz kimik, haradan gəlmişik və hara gedirik? Bu sual bizi daim düşündürməlidir. Bəzən öz yolunu tapmaq üçün dayanmaq, keçmişə baxmaq lazımdır. Xalçaçılıq sənəti də xalqımızın keçmişini öyrənmək baxımından əhəmiyyətlidir. Xalçaçılıq sənəti o qədər zəngindir ki, onu yalnız toxuduqca, öyrəndikcə bu sənətin nə qədər əsrarəngiz olduğunu dərk edirsən. Dövlətimizə minnətdaram ki, milli irsimizin qorunmasında mənim də bir payımın olması üçün mənə şərait yaradılıb. Hər bir insan öz xalqına milli dəyərlərini qorumaqla, inkişaf etdirməklə öz töhfəsini verməlidir. Muxtar respublikada qadınlarımızın yaradıcı potensialının daha da inkişaf etdirilməsi, istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunlar qadınların özünüməşğulluğunun təmin olunmasına, onların rifah halının yaxşılaşdırılmasına əlverişli şərait yaradır.
– Muxtar respublikamızda keçirilən sərgilər Səriyyə xanımın tanınmasında hansı rolu oynayıb?
– Bu gün muxtar respublikamızda bütün yaradıcı qadınlarımızın fəaliyyəti diqqət mərkəzindədir. Bunu rayonlarımızda, həmçinin Naxçıvan şəhərində keçirilən qadınların əl işlərindən ibarət sərgi-satışların təşkili bir daha təsdiq edir. Sərgilər keçirilməsə, heç bir əsər, heç bir əl işi nə tanına, nə də təbliğ oluna bilər. Mənim dəri üzərində, şüşə üzərində, kətan üzərində işlədiyim dekorativ işlər də məhz sərgilərdə tanınıb. Bu, sözün həqiqi mənasında, mənə böyük stimul verib. Xalq yaradıcılığı günlərində, müxtəlif festivallarda əsərlərimin nümayişi, qiymətləndirilməsi sənətə olan sevgimi daha da artırıb. 2015-ci ildə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmağım məni daha da ruhlandırıb. Həyatımda yaddaqalan günlərdən biri də Naxçıvan Dövlət Universitetində fərdi sərgimin keçirilməsi olub. Həmin sərgidə müxtəlif mövzuda əsərlərim nümayiş olundu. Əl işlərim tamaşaçılar tərəfindən maraqla qarşılandı. 2018-ci ilin sentyabr ayında isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Milli Geyimlər Festivalında vitraj və dəri üzərində işlərim sənətsevərlərin və şəhərimizə gələn qonaqların diqqətini özünə cəlb etdi.
Milli dəyərlərimizin təbliği məqsədilə hazırlayıb həyata keçirdiyim bir sıra layihələr çərçivəsində əl işlərim ucqar dağ kəndlərində, kənd məktəblərində də sərgilənib. Bu sərgilərdə iştirak etməkdə əsas məqsədim milli-mənəvi dəyərlərimizin məktəblilərə aşılanmasına nail olmaqdır. Bu layihələr çərçivəsində keçirilən tədbirlər gənc nəslin bu el sənətinə olan marağını daha artırıb, onların istedad və bacarığını üzə çıxarıb.
Ölkəmizdə dövlət qadın siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub vəbu siyasət bu gün də uğurla davam etdirilir. Bu uğurlu yolda zərif cinsin nümayəndələri də üzərlərinə böyük məsuliyyət götürüblər. Fikrimcə, biz qadınlar bundan sonra da adət ənənələrimizi, ailə dəyərlərimizi yaşatmalı, ictimai fəaliyyətimizlə muxtar respublikamızın inkişafına, onun tərəqqisinə öz töhfəmizi verməliyik.
– Səriyyə xanım, sizə bu şərəfli yolda uğurlar arzulayırıq.
– Çox sağ olun.
Söhbətləşdi:
Ulduz Əliyeva
“Nuh yurdu” qəzeti