Mart günləri hər gün bizi yeniliklərlə qarşılayır. Bir gün tutqun, yağışlı, soyuq, rütubətli, sonrakı gün günəşli, isti, hərarətli, qızmar keçir. Lakin bütün bunlara baxmayaraq yazın ətri hər an duyulur. Dərələrdə sürünən yaz dumanı ağappaq karvan düzümünü xatırladır, alça ağaclarının bəyaz çiçəklərinin ilıq təbəssümü, sübh tezdən insanların bağ-bağçada cəh-cəh vurub oxuyan quşların səsi ilə oyanması bütün bunlar yazın, ilin ən çox gözəllik və təravət ünvanı sayılan baharın gəlişindən xəbər verir. Baharda ən başlıcası torpaq oyanır.
Oyanan torpaq isə ömrünü-gününü zəhmətə həsr edib, ona bağlanmış kənd adamını əkin-səpinə, yaz-tarla işlərinə səsləyir. Bu çağırışı hər bir torpaq adamı vaxtında hiss edir, bilir ki, hansı işi nə vaxt başlamaq lazımdır.
Sədərəkli torpaq mülkiyyətçiləri üçün də yazın hər bir günü qiymətli və əvəzedilməzdir. Həmyerlilərimiz yazın gəlişi ilə birgə yenidən öz iş yerlərinə, sahibi olduqları torpaqlara qayıtmışlar, onların indi qarşısında mühüm bir vəzifə var-sabahın ərzaq bolluğunun təməlini daha möhkəm əsaslar üzərində qurmaq.
Bu mənada ilk öncə “qızılı zəmilər”dən söz açıb, bəhs etməyə dəyər.
Sədərəyin torpaq mülkiyyətçiləri keçən ilin payızında 2466 hektarda taxıl əkiblər. Bunun 1781 hektarı elin misilsiz sərvəti sayılan buğda zəmilərinin payına düşür. Baharın belə təravətli günlərində taxılçılar ucsuz-bucaqsız zəmilərdə yaz-tarla işlərinə start veriblər.
…Təzə yoncalıqlar salmaq və ümumiyyətlə mal-qaranın yem bazasını daha etibarlı zəmin üzərində qurmaq heyvandarlar üçün böyük önəm daşıyır. Sədərəklilər ötən il 320 hektarda yem bitkiləri əkiblər. Onlar indi sözügedən yem sahələrində aqrotexniki tədbirləri reallaşdırmağahazırlaşırlar. Onu da qeyd etmək lazımdır ki, yeni yoncalıqların səpini üçün tədbirlər görülməyə başlanılır.
Rayonda aparılan kənd təsərrüfatı işlərindən danışarkən mütləq texnikadan söz açmaq və məhz onun köməyi ilə torpaq mülkiyyətçilərinin əldə etdiyi uğurlardan danışmaq gərəkdir. İlk öncə onu qeyd edək ki, Sədərəkdə kənd təsərrüfatı ilə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri kifayət qədər texnika ilə təchiz olunublar. Sözügedən insanları kənd təsərrüfatı texnikası ilə rayonda fəaliyyət göstərən “Naxçıvan Aqrolizinq” ASC-nin Sədərək rayon bazası təchiz edir.
“Oğuz yurdu” qəzeti