NUHÇIXAN-ın məlumatına görə, 1 sentyabr 2025-ci il tarixindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Naxçıvan şəhər Sukanal İdarəsində yeni Müştəri İnformasiya Sistemləri Proqramının tətbiqinə başlanılacaq.
Bu tarixdən bütün mövcud abonent kodları yenisi ilə əvəzlənəcək. Yeni abonent kodları da həmin tarixdən etibarən təqdim olunaraq bildirişlərin üzərində qeyd ediləcək. Yenilik çərçivəsində mövcud abonent kodları vasitəsilə ödənişlərin qəbulu 29 avqust 2025-ci il saat 20:00-dan dayandırılacaq, 1 sentyabrdan yeni veriləcək abonent kodları üzərindən davam etdiriləcək.
Yeni sistemin tətbiqi ilə əlaqədar yaranacaq hər hansı bir sualla bağlı Naxçıvan şəhər Sukanal İdarəsinin +994(36) 545 01 93 nömrəsi və ya “955” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Xidmət səviyyəsinin artırılması, abonent bazasının təkmilləşdirilməsi, daha da artırılması, elektron nəzarət imkanının yaradılmasına xidmət edən yenilik bilavasitə abonent məmnuniyyətinin yüksəldilməsinə səbəb olacaq. Abonentlərlə işin şəffaflığı, vahid müştəri bazasının formalaşdırılması, mərkəzləşdirilmiş sistemin təkmil qurulması, ödənişlərin asanlaşdırılması baxımından yeni sistemə keçid olundu.
Xatırladaq ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin digər sukanal idarələri də abonentlərlə əlaqəni MİS vasitəsilə həyata keçirir. Naxçıvan şəhərində istehlakçıların məişət, içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə həvalə olunub.