Bu gün Azərbaycanın görkəmli milyonçusu, xeyriyyəçi, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin anım günüdür.
NUHÇIXAN xəbər verir ki, vəfatından 101 il ötməsinə baxmayaraq xalqımız onun xatirəsini daim ehtiramla yad edir, böyük hörmət və sevgi ilə xatırlayır.
XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyev Bakıda başmaqçı Məhəmmədtağı Tağıyev və Umxanımın ailəsində dünyaya göz açıb. Anasını erkən itirən Zeynalabdin uşaq yaşlarından zəhmətə atılıb, əvvəlcə usta köməkçisi, sonradan isə bənna kimi fəaliyyət göstərib. Gənc yaşlarından təşkilatçılıq bacarığı ilə seçilən Tağıyev tikinti işlərində böyük uğur qazanıb.
Sonralar ticarət və sənaye sahəsində də özünü sınayan Tağıyev həmçinin neft sənayesində ən böyük sahibkarlardan birinə çevrilib. Onun yaratdığı “H.Z.Tağıyev” şirkəti ölkədə mühüm iqtisadi rol oynayıb.
Hacı Zeynalabdin Tağıyev yalnız sahibkar kimi deyil, həm də böyük xeyriyyəçi kimi tanınıb. 1901-ci ildə Bakıda Qafqazın ilk qızlar məktəbini inşa etdirməsi bu gün də Azərbaycan maarifçiliyi tarixində mühüm hadisə sayılır. O, həmçinin Bakı-Şollar su kəmərinin tikintisinə də şəxsi vəsait ayırıb, müxtəlif xeyriyyə cəmiyyətlərinin yaradılmasına dəstək göstərib.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra onun mülkləri əlindən alınıb. Yalnız xalqın təkidi ilə Tağıyevə Mərdəkandakı bağ evi saxlanılıb. O, 1924-cü il sentyabrın 1-də dünyasını dəyişib və sentyabrın 4-də dəfn olunub.
Azərbaycan dövləti Hacı Zeynalabdin Tağıyevin xatirəsini daim uca tutur. 2022-ci il yanvarın 18-də Bakıda xeyriyyəçinin möhtəşəm heykəli ucaldılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi