Nemətulla Naxçıvaninin əsərinin birinci cildi çapdan çıxıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Nemətullah Naxçıvaninin “Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi” əsərinin birinci cildi çapdan çıxıb. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində təqdimat mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan tədbirlər planına əsasən nəşr olunan kitabın təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev şərqin böyük filosofu Nemətullah Naxçıvaninin həyat və yaradıcılığından ətraflı bəhs edib.
Bildirib ki, Naxçıvanın görkəmli yetirmələrindən biri olan Nemətullah Naxçıvani 1452-1514-cü illərdə yaşayıb, təsəvvüf və təfsir alimi kimi tanınıb. Onun elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub. Akademik qeyd edib ki, böyük mütəfəkkir Nemətullah Naxçıvaninin yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşünün vəhdət təşkil etməsi onu həm də türk-islam alimi kimi tanıdıb, hətta öz dövründə alimlərin ən fəzilətlilərindən biri səviyyəsinə yüksəldib.
Vurğulanıb ki, tərcüməçisi bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova və elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov olan “Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi əsəri” gələcəkdə Baba Nemətulla Naxçıvani irsinin tədqiqatçılarına işıq tutacaq, onlar üçün qiymətli bir mənbə rolunu oynayacaq.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, həmin institutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımov və həmin şöbənin böyük elmi işçisi, tədqiqatçı Nərgiz İsmayılova kitab haqqında fikirlərini bildiriblər. Diqqətə çatdırılıb ki, dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi” əsəri islamşünaslığa böyük töhfə olmaqla yanaşı, həm də ona şöhrət qazandırıb.
Mədinə Rəhimli